YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-n Sədr müavini: Bu gün Azərbaycan vətəndaşlarını düşündürən məsələ ölkədəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasıdır

“Azərbaycanda siyasi partiyalarda təmsil olunan insanlarda iki növ məfkurə mövcuddur. Bunlardan biri dövlətçilik məfkurəsidir ki, bunu YAP-ın timsalında görmək olar. Dövlətçilik məfkurəsinə xidmət edən başqa siyasi qüvvələr də ölkəmizdə həyata keçirilən  quruculuq işlərinə öz töhfələrini verməyə çalışırlar”. Bu fikirləri Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov müxalifətin bu gün “Məhsul” stadionunda keçirəcəyi mitinqə münasibət bildirərkən deyib.

Əli Əhmədov qeyd edib ki, digər siyasi düşərgədə isə dövlətçilik məfkurəsinin çox az olduğu, yaxud tamamilə başqa istiqamətə yönələn qüvvələr var. Onun sözlərinə görə, bu gün Azərbaycan vətəndaşlarını düşündürən məsələ ölkədəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasıdır, ölkədə həyata keçirilən islahatlara töhfə verməkdir: “Biz indi çox narahat bir dünyada yaşayırıq.  Azərbaycandan çox da uzaq olmayan ətraflarda baş verənləri hər kəs görür. Ona görə də hər bir vətəndaşı düşündürən odur ki, ölkəmizdəki sabitlik qorunub saxlanılsın, Azərbaycan bu narahat dünyada rahat həyatını qoruyub saxlaya bilsin”.

Əli  Əhmədov bildirib ki, digər bir məsələ ölkəmizin iqtisadi inkişafının sürətləndirilməsidir. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən dərin islahatlar həyata keçirilməkdədir: “İnanıram ki, yaxın zamanlarda bu islahatlar öz müsbət nəticəsini verəcək. Azərbaycanın keçdiyi inkişaf yolu göz qabağındadır. Amma təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi siyasi qüvvələr Azərbaycanda sabitliyi, əminamanlığı pozmaq üçün əllərindən gələni edirlər. Çox məmnunam ki, bu yöndə əllərindən çox şey gəlmir, çox şeyi bacara bilmirlər və belə cəhdlər heç bir səmərə vermir. Çünki insanlarımız onların sabitliyə qarşı çevrilmiş əməllərinə dəstək vermirlər, əksinə belə cəhdlərin qarşısını alırlar. Buna görə də müxalifətin  keçirdiyi aksiyalar da çox zəif alınır. Mitinqlər, sabitliyi pozmaq cəhdləri bütövlükdə Azərbaycanın dövlətçiliyinə və insanlarımızın normal həyatına  qarşı çevrilmiş addımlardır. Onların bu günə qədər cəhd etdikləri addımlar puça çıxdığı kimi, bu gün də puça çıxacaq. Çünki xalqımız bu cür düşünən insanları dəstəkləmir”.