YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, təbrikdə Novruzun qədim tariximizdə özəl yeri və önəmi olan xalq bayramı olduğu qeyd edilir.

Vurğulanır ki, Ulu Yaradan Novruzda Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir, xəlq etdiklərinin ən alisi olan insana təbiətlə vəhdət səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini, ülviliyini daha da artırır. İlk bəşər övladının yaranışı, ona ruh bəxş edilməsi, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olması və s. önəmli məqamların bu təqvimə təsadüf etməsi Novruzun ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir. Bu xoş günlərdə küsülülərin barışması, valideynlərə, yaşlı insanlara, doğmalara baş çəkilməsi, dünyasını dəyişənlərin yad olunması, xəstə, yetim, kimsəziz, ehtiyacı olan insanlara yardım göstərilməsi, bayram sevincinin paylaşılması Allaha xoş gedən savab əməllərdəndir.

“Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə Novruz günlərinə daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibah yolunu ürəkdən dəstəkləyir”, - deyə şeyxülislam Allahşükür Paşazadə təbrikində bildirib.

Təbrikdə qeyd edilir ki, Ulu Öndərin xeyir-duası ilə başlanmış ali mənəviyyat yolunun, əlhəmdülillah, davam etdiyi, multikultural dəyərlər ölkəsi Azərbaycanda bu il “İslam Həmrəyliyi İli” qeyd olunur. İslam dəyərlərinə ehtiramı ilə seçilən ölkəmizdən dünyaya, bütün səmavi dinlərə sülh naminə birlik, həmrəylik ismarıcları səslənir. Milli-mənəvi irsimizə, ümumbəşəri dəyərlərə hər zaman himayə nümayiş etdirən Mehriban xanım Əliyevanın Novruz ərəfəsində Azərbaycanın Birinci vitse-prezidenti məqamına layiq görülməsi xalqımıza əsl Novruz müjdəsi, bahar hədiyyəsi oldu. Xalqımız Azərbaycan üçün, inşallah, xeyirlərə vəsilə olacaq bu təyinata görə dövlət rəhbərimizə minnətdardır.

Allahşükür Paşazadə təbrikini bu sözlərlə bitirib: “Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy bu Novruz bayramı Azərbaycan xalqı üçün mübarək olsun!”.