YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan ordusu regionun ən güclü ordusuna çevrilib

Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.

Bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev adına Parkda rayon ictimaiyyətinin, “N” saylı hərbi hissənin əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak etmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 1990-cı illərin əvvəllərindəki hərbi-siyasi vəziyyətdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, məhz Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıdıb. “Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusuna çevrilib. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etməyə hazırdır”, – deyə Bahar Muradova bildirib.

“Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov, Horadizdə erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digər çıxış edənlər Horadiz əməliyyatını hərb tariximizin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.

Qeyd olunub ki, cəbhə bölgəsində düşmənlə bir neçə addımlıqda yaşayan və işləyən füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhvali-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.

Çıxışlarda Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun digər ərazilərinin də düşmən tapdağından azad olunacağına əminlik ifadə edilib.