YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin proqnoz parametrlərinə ehtiyatlı ssenari tətbiq edilməklə yanaşılıb

Müasir dövrün tələbləri iqtisadi sistemin fəaliyyət prinsiplərinə yenidən baxılması ilə yanaşı, ümumi daxili məhsulun formalaşması və gəlirlərin yenidən paylanmasında əsas və mühüm maliyyə sənədi olan dövlət büdcəsinə də yeni baxışı zəruri edir. Yeni şəraitdə fiskal konsolidasiya tədbirləri ön plana çıxır ki, bu da hər bir ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi və siyasi perspektivlərinin təsiri ilə formalaşır. Bununla belə, atılacaq addımlar iki əsas istiqaməti əhatə edir: xərclərin qənaətli və səmərəli istifadəsi, gəlirlərin mobilizasiyası və artırılması.

Bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib.

Palata sədri vurğulayıb ki, maliyyə resurslarının axınının məhdudlaşdığı, həmçinin geosiyasi amillərlə də şərtlənən nisbi azalma mövcud gəlirlərin artırılması istiqamətində vacib islahatları obyektiv zərurətə çevirir. Bu islahatlar, eyni zamanda, idarəetmə müstəvisində qərarların daha çevik qəbul edilməsini özündə ehtiva edir. Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi 2017-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərində əks etdirilmiş vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması, vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması kimi tədbirlərin reallaşdırılmasından keçir. Bu tədbirlər ilk növbədə, vergi inzibatçılığının gücləndirilməsini zəruri edir. Eyni zamanda, yığım əmsalının və vergi növləri üzrə boşluqların hesablanılması ilə bağlı konkret metodikanın, həmçinin vergi yükünün optimallaşdırılması istiqamətində mərhələli tədbirlər planının işlənilməsi büdcə-vergi siyasətinin əsas istiqamətlərinin reallaşdırılmasına müsbət təsir göstərər. Aparılan təhlil göstərir ki, 2017-ci il üzrə dövlət büdcəsinin təklif olunan gəlirlərinin proqnoz parametrlərinə ehtiyatlı ssenari tətbiq edilməklə yanaşılıb. Makroiqtisadi mühitin dəyişkənliyi və əmtəə bazarlarının davranışı həmin parametrlərə hesabat ili ərzində yenidən baxılması ehtimalını istisna etmir.

V.Gülməmmədov diqqətə çatdırıb ki, maliyyə nəzarətinin müxtəlif səviyyələrdə tətbiqi vəsaitlərin proqnozlaşdırılması prosesindən başlayaraq həyata keçirilir. Bu, ilk növbədə büdcənin gəlir və xərclərinin dəqiq uçotunu, həmçinin hesabatlılığı tələb edir. Belə ki, qeyd edilən yanaşma icra prosesində rast gəlinən və yarana biləcək xətaların əksər hissəsinin qarşısını alır. Hesabatlılıq isə inzibatçılığın gücləndirilməsinə xidmət etməklə büdcə şəffaflığının artırılması ilə nəticələnir. Gəlir və xərclərin uçot və hesabatlılığının yüksəldilməsi cari, ilkin və sonrakı maliyyə nəzarətinin işini asanlaşdırmaqla nəticəliliyin qiymətləndirilməsinə, vəsaitlərin qənaətli və səmərəli istifadəsinə gətirib çıxarır.

Dövlət borcu ilə bağlı fikirlərini bildirən palata sədri deyib ki, dövlət borcunun artımı iqtisadi əhəmiyyətli və strateji yükü olan layihələrin maliyyələşdirilməsi ilə bağlıdır. Həmin layihələrin reallaşdırılması gələcək inkişafın ilkin təməllərindəndir. Bu aspektdən biz artıq dövlət borcunun yerinə yetirdiyi iqtisadi funksiyalara diqqət yetirməliyik.

V.Gülməmmədov qeyd edib ki, şərti öhdəliklərin dövlətin iqtisadi-maliyyə vəziyyəti qənaətbəxş olduğu təqdirdə nəzərə çarpmaması sonradan maliyyə şoku və ya kritik borclanma riskinin yaranma ehtimalını diqqətdə saxlamağı tələb edir. Bu kimi hallar bir çox ölkələrin təcrübəsində müşahidə olunub. Qeyd edilənlər isə borcun davamlılıq təhlilini də aktuallaşdırmaqla yanaşı, şərti öhdəliklər üzrə məlumatların hüquqi status baxımından qanunvericilikdə əks olunmasını şərtləndirib.