YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Dövlət büdcəsi gəlirlərinin 8,3 milyard manatı qeyri-neft sektorundan daxilolmaların payına düşəcək

Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə diferensiallaşdırılmış tariflərin tətbiqi nəzərdə tutulub. Bununla əlaqədar 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulan gəlirlərin və ona müvafiq olaraq xərclərin 300 milyon manat artırılması təklif edilir. Təklif qəbul olunduğu təqdirdə həmin vəsaitin bir hissəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin az təminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək. Bununla əlaqədar, 2017-ci il üçün ehtiyac meyarının həcminin 10,5 faiz artırılması nəzərdə tutulub.

Bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin dekabrın 6-da keçirilən plenar iclasında söyləyib.

Nazir deyib ki, Azərbaycan artıq dünya birliyinə, onun iqtisadi sisteminə geniş inteqrasiya edib, dünyada baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib. Bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar sözsüz ki, ölkəmizdən də yan keçməyib. 2014-cü ilin ikinci yarısından etibarən dünya enerji və əmtəə bazarlarındakı şokların mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şəraiti formalaşdırıb. Dünya enerji bazarlarında təklifin azalması, tələbin isə həmin artımla ayaqlaşa bilməməsi ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolmasının mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Bu, öz növbəsində xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub. Cari il ərzində idxalın həcminin xeyli azalmasına baxmayaraq, hələ də yüksək səviyyədə qalması ölkəmizin tədiyə balansının pisləşməsinə gətirib çıxarıb. Sadalanan amillərlə yanaşı, cari ilin ötən dövründə ümumi daxili məhsulun azalması, bank sistemindəki qeyri-sabitlik, bir sıra bankların iflasa uğrayaraq bağlanması, iqtisadiyyatın banklar tərəfindən kreditləşməsi həcmlərinin nəzərəçarpan dərəcədə daralması ölkəmizin üzləşdiyi çağırışları səciyyələndirir. Yaranmış makroiqtisadi vəziyyətə cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildən başlayaraq dayanıqlı iqtisadi artımın bərpası üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilməkdədir. Bunlar pul siyasətinin və fiskal siyasətin daha sıx əlaqələndirilməsi, valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın daha çox şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirilməsi kimi tədbirləri özündə əks etdirir. Bu islahatların keçirilməsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır.

Nazir vurğulayıb ki, 2017-ci ilin büdcə və vergi siyasətinin əsas xüsusiyyətlərindən biri də əvvəlki illərdə yürüdülən fiskal yığcamlaşdırma siyasətinin gələn il də davam etdirilməsidir. Nəticə etibarilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği mərhələli şəkildə azaldılacaq. Müvafiq olaraq transfertin məbləği cari illə müqayisədə 1 milyard 515 milyon manat və ya 20 faizədək azaldılaraq 6,1 milyard manat olacaq.

Samir Şərifov diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsi xərcləri optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi dövlət büdcəsi layihəsində qəbul edilib, buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub.

Nazir bildirib ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat məbləğində olmaqla cari ilin proqnozuna nisbətən 567 milyon manat və ya 3,4 faiz azdır. Neft sektorundan daxilolmalar üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8,3 milyard manatı və ya 51,2 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşəcək ki, bu da cari illə müqayisədə 718 milyon manat və ya 9,5 faiz çoxdur. Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə 7 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 500 milyon manat və ya 7,1 faiz çox deməkdir. Dövlət Gömrük Komitəsi vasitəsilə isə büdcəyə 2 milyard 200 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 390 milyon və yaxud 21,5 faiz çoxdur. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 353 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 48 milyon manat və ya 15,7 faiz çoxdur. Digər daxilolmalar üzrə 92 milyon manat vəsaitin daxil olması gözlənilir.

Samir Şərifov qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsi xərcləri 16 milyard 900 milyon manat təşkil edəcək və bu da cari illə müqayisədə 1 milyard 595 milyon və ya 8,6 faiz azdır.