YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 68 faizə çatacaq

Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 68 faizə çatacaq.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında deyib.

O bildirib ki, dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, neftin qiymətinin kəskin şəkildə azalması, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ amillər Azərbaycan iqtisadiyyatına öz təsirlərini göstərib, ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, üzən məzənnəyə keçid elan edilib, problemli kreditlər və xarici valyutalarda öhdəliklər manat ifadəsində artıb. Belə şəraitdə neftin qiymətinin dinamikası, Dövlət Neft Fondunun ehtiyatlarının qorunması ilə məhdudlaşdırılmış makro-fiskal çərçivə, habelə iqtisadiyyatın şaxələndirilməsi və struktur islahatlarının sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb.

Ş.Mustafayev bildirib ki, neftin dünya bazarı qiymətləri üzrə beynəlxalq təşkilatların proqnozları təhlil edilib, 2017-ci il və növbəti illər üçün neftin büdcədə qiyməti 40 dollar qəbul olunub. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun 2017-ci il üzrə müvafiq proqnozu 50,6 dollar, Dünya Bankının proqnozu 55,2 dollar müəyyən edilib. Koordinasiyalı və sistemli islahatlar, bank sektorunun sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpası, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, hər hansı yeni xarici şokun yaşanmaması, növbəti ildə inflyasiyanın birrəqəmli olması iqtisadi artımın bərpası üçün əsas amillərdir.

“Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2017-ci ildə ümumi daxili məhsulun 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən çox artacağı proqnozlaşdırılır. Gələn il hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1 faiz azalacağı gözlənilir. Növbəti ildə fiskal konsolidasiya fonunda tədiyə balansının cari hesabının 341,6 dollar olacağı proqnozlaşdırılır. Qaz hasilatına 2018-ci ildən başlanılması isə tədiyə balansının cari hesabının müsbət saldosunun artımına xidmət edəcək. Qeyri-neft sektorunun 2017-ci ildə 2,5 faiz, növbəti illərdə orta hesabla 2 faiz artımı proqnozlaşdırılır”, - deyə Ş.Mustafayev vurğulayıb.