YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanın 19 rayonunda əlavə 26 aqroparkın yaradılması təşviq olunur

Aqrar sektorun inkişafında aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, Şəmkir aqroparkda birinci mərhələ üzrə işlər davam etdirilir, Xaçmaz rayonunda isə ikinci mərhələ üzrə işlər yekunlaşıb. Respublikanın 19 rayonunda 116.7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması təşviq olunur. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin dekabrın 6-da keçirilən plenar iclasında deyib.

Bildirilib ki, növbəti illərdə də kənd təsərrüfatında davamlı artımın təmin edilməsi üçün dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından daha səmərəli istifadə olunması, intensiv metodların və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yeni komplekslərin yaradılması nəzərdə tutulur.

Son illərdə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, yüzlərlə müasir istehsal və emal müəssisələri fəaliyyətə başladığını deyən nazir bildirib ki, sənaye parklarının yaradılması, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı Sənaye parklarında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması istiqamətində görülən işlər, sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.

“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrinin ümumi dəyəri 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. İnvestisiyasının ümumi həcmi 83.4 milyon dollar olan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnoline” zavodu fəaliyyətə başlayıb. Zavod artıq ümumi istehsalın 75 faizini ixrac edib. Müəssisədə 700 nəfər işlə təmin olunub. 2017-2018-ci illərdə də bir sıra müəssisələr fəaliyyətə başlayacaq və bu müəssislərdə 700-dən çox yeni iş yerləri yaradılacaq. Hazırda bu müəssisələrin tikinti işlərinə 1300-dən çox işçi qəbul olunub.

Balaxanı Sənaye Parkında tullantıların təkrar emal üzrə ümumi investisiyasının həcmi 22,3 manat olan 5 müəssisə 2017-ci ilin birinci yarısında fəaliyyətə başlayacaq. Burada 400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə Ş.Mustafayev vurğulayıb.

Əczaçılıq sahəsinin inkişafı və idxaldan asılılığının azaldılmasına toxunan iqtisadiyyat naziri əhalinin dərman tələbatının ödəniləsi məqsədilə yaradılan Pirallahı Sənaye Parkında ilk əczaçılıq zavodunun təməlinin qoyulduğunu diqqətə çatdırıb. Dəyəri 74 milyon dollar olan zavodda 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Daha iki əczaçılıq zavodunun yaradılması işlərinə də başlanılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab və ayaqqabı istehsalı üzrə 9 fabrikin yaradılması ilə 200 milyon dollardan çox investisiya qoyuluşu və 2 mindən çox iş yerinin açılması nəzərdə tutulur. İxracyönümlü məhsullar istehsal edəcək bu zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin olunacaq.

Ş.Mustafayev deyib ki, Masallı sənaye məhəlləsinə sahibkarlar tərəfindən maraq artıb. Belə ki, buraya ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Bu işlər qeyri-neft məhsulları üzrə idxaldan asılılığı azaltmaqla yanaşı, ixrac potensialının genişləndirilməsinə imkan yaradacaq.

Nazir bildirib ki, 2017-2020-ci illərdə qeyri-neft sahəsi üzrə orta hesabla 7,4 faiz artım proqnozlaşdırılır. Qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sektor üzrə 2017-ci ildə 4,9 faiz, növbəti 3 ildə 4,7 faiz artım gözlənilir. Kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olunmaqla və digər vergilərdən azad ediliblər. Bununla yanaşı, fermer və sahibkarlara güzəştli şərtlərlə, kredit, gübrə, toxum, texnika almaq imkanı yaradılır. Əkin sahəsində istifadə olunan yanacaq üçün subsidiyalar verilir. Fındıq, tütün, çay, barama, pambıq, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları daxil olmaqla, 13 sahəni əhatə edən xüsusi proqramlar hazırlanıb. Kənd təsərrüfatında görülən islahatlar verilən güzəştlər növbəti ildə də davam etdiriləcək.

 

DİGƏR Xəbərlər Arxiv