YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Portuqaliya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi Paulo Aleksandre Ferreira ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin, xüsusən iqtisadi əlaqələrin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Ölkəmizdə aparılan köklü iqtisadi islahatlar və yaradılmış əlverişli investisiya mühitindən söz açan nazir Elmar Məmmədyarov Portuqaliya şirkətlərinin bu imkanlarından faydalana biləcəyini deyib. O, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, TANAP və TAP layihələri haqqında məlumat verib. Nazir “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olduğunu diqqətə çatdırıb.

Tərəflər iqtisadiyyatın qeyri-neft sektoru, o cümlədən turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, habelə informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Görüşdə, həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələsinə toxunulub.

Elmar Məmmədyarov Paulo Aleksandre Ferreiranı ölkəmizə səfərə dəvət edib.

Görüşdən sonra tərəflər Portuqaliyanın İqtisadiyyat Nazirliyində texniki nailiyyətlərə həsr olunmuş sərgiyə baxıblar.