YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü qeyd edilir

İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümünə həsr olunan mərasim keçirilir.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış media təmsilçiləri iştirak edirlər.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mərasimi açaraq əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib.

Milli Mətbuat Gününün ölkəmizdə geniş qeyd olunduğunu vurğulayan V.Səfərli ötən 141 ildə Azərbaycan mətbuatının şərəfli yol keçdiyini deyib. Son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən, milli mətbuata dövlət qayğısından danışan icraçı direktor Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib.

Bildirilib ki, 19 istiqamət üzrə aparılan müsabiqəyə 70 kütləvi informasiya vasitəsi tərəfindən 167 yazı təqdim olunub. Hər istiqamət üzrə 6 mükafat nəzərdə tutulub. Birinci yer üçün bir, ikinci yer üçün iki, üçüncü yer üçün isə üç qalib müəyyənləşdirilib. Ümumilikdə qaliblərin sayı 114 nəfərdir. Birinci yerin sahibi 500, ikinci yeri tutanlar 400, üçüncü yerə layiq görülən jurnalistlər isə 300 manat məbləğində mükafatla təltif ediliblər.

Vurğulanıb ki, builki müsabiqədə əvvəlkilərdən fərqli olaraq, region KİV-ləri xüsusi fəallıq göstərib. İlin sonuna qədər əlavə müsabiqələrin də keçiriləcəyini diqqətə çatdıran icraçı direktor bildirib ki, bu müsabiqələrin məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına, onların sosial şəraitinin yaxşılaşmasına və ictimaiyyətin məlumatlandırılmasına töhfə verməkdir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək milli mətbuatımızın 141 yaşı tamam olması münasibətilə bütün media nümayəndələrini təbrik edib. Əli Həsənov bildirib ki, mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi əvəzsiz töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır.

Tədbirdə 22 iyul – Milli Mətbuat Günü münasibətilə KİVDF-nin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.