YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası keçiriləcək

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasının bu ilin oktyabrında Vyetnamda keçirilməsi planlaşdırılır.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasına hazırlıq məsələlərinin müzakirəsi məqsədilə energetika naziri Natiq Əliyevin ölkəmizin Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanovla keçirdiyi görüşdə məlumat verilib. Bildirilib ki, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclasının cari ilin oktyabr ayında Vyetnamda keçirilməsi planlaşdırılır.

Görüş zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq potensialı nəzərdən keçirilərək, irəli sürülən təkliflər dəyərləndirilib. Vyetnamın Neft və Qaz Korporasiyası “Petrovietnam” və SOCAR arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasınının enerji sahəsində əməkdaşlığa töhfə verdiyini vurğulayan səfir A.İmanov Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənməsinə maraq göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan şirkətləri tərəfindən istehsal olunan neft avadanlıqlarının Vyetnam bazarına çıxarılmasının, tikinti şirkətlərinin bu ölkədə həyata keçirilən infrastruktur layihələrində iştirakının, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın təmin edilməsi üçün Hökumətlərarası Komissiya səviyyəsində dəstəyin vacibliyini qeyd edib.

Energetika naziri Natiq Əliyev isə bildirib ki, Vyetnam bazarı Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün cəlbedicidir. Bununla yanaşı Vyetnam Azərbaycanla enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq edə bilər.

İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri energetika naziri Natiq Əliyev, Vyetnam tərəfindən həmsədri isə sənaye və ticarət naziri Tran Tuan Anhdır.

Qeyd edək ki, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 13,6 milyon ABŞ dolları, idxalın həcmi 9,7 milyon dollar, ixracın həcmi isə 3,9 milyon dollar olub.