YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” qaz ehtiyatlarını Avropa bazarına çatdıran strateji təşəbbüsdür

“Cənub Qaz Dəhlizi” (Southern Gas Corridor - SGC) layihəsi Xəzər dənizinin təbii qaz ehtiyatlarını Avropa bazarına çatdıran strateji təşəbbüsdür.

Bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib. O bildirib ki, Avropa İttifaqı (Aİ) “Cənub Qaz Dəhlizi” layihəsi üzrə səylərini artıracaq. Əsas məqsəd isə Cənub-Şərqi Avropa regionundakı ölkələrin ən azı 3 müxtəlif mənbədən qaz almasına şərait yaratmaqdır.

“Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin təməlinin qoyulması və icrası “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi baxımından əhəmiyyətli addımdır. TAP-a cəlb edilmiş üç ölkə - Yunanıstan, Albaniya və İtaliya layihə üzrə işlərin gedişatını yaxından izləyir. TAP Avropa İttifaqı üçün vacib layihədir. TAP-ın “Nabucco” və Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərində (Interconnector Turkey-Greece-Italy - ITGI) olmayan güclü siyasi, eyni zamanda səhmdarlar tərəfindən dəstəyi var. Avropa Komissiyası həmin səhmdarlarla yaxından əməkdaşlıq vədinə və layihənin vaxtında icrası üçün dəstəyinə sadiqdir”, - deyə M.Şevçoviç əlavə edib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti qeyd edib ki, bu il fevralın 29-da Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında bütün iştirakçı ölkələr və konsorsium bu vacib infrastruktur layihəsini vaxtında başa çatdırmaq üçün qətiyyətlərini ortaya qoyublar. “Cənub Qaz Dəhlizi”nin tərkib hissələri – “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və TAP layihələrində mühüm irəliləyişlərə nail olunub. Azərbaycanın təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.