YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Georgi Kvirikaşvili: Azərbaycan Gürcüstanın enerji təchizatında əsas rol oynayan ölkədir

Azərbaycan təkcə Gürcüstanın deyil, bütövlükdə dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir.

Bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Tbilisidə keçirilən “Beynəlxalq energetika forumu: 2016”da söyləyib.

Forumda yeni geosiyasi mühitdə Cənubi Qafqazda həyata keçirilən enerji layihələri və enerji təhlükəsizliyi, regional təhlükəsizlik, Gürcüstanın bu layihələrdəki rolu, investisiya mühiti və digər məsələlər geniş müzakirə olunub. Bildirilib ki, regionda Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən layihələr təkcə bu ölkələrin deyil, Avropanın, Asiyanın, bütövlükdə dünyanın enerji təhlükəsizliyində böyük rol oynayır.

G.Kvirikaşvili deyib ki, Böyük İpək Yolu, bu günlərdə fəaliyyətə başlamasının 20 illiyi qeyd olunmuş “Bakı-Supsa” enerji dəhlizi Gürcüstanın enerji xəritəsinin əsasını qoydu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bizim inkişafımızın əsasını təşkil edir. “Cənubi Qafqaz qaz boru kəməri” və “Şahdəniz” layihələri bizim enerji təhlükəsizliyimizi artırmaqla yanaşı, xalqlarımızın rifah halının yaxşılaşmasında da əsaslı rola malikdir. Bu layihələrə ümumilikdə 45 milyard dollara yaxın sərmayə qoyulacaq ki, bunun da 2 milyardı məhz Gürcüstan ərazisində yatırılacaq. Bu layihələrin reallaşdırılmasında Azərbaycanın rolunu xüsusi qeyd edən Kvirikaşvili deyib: “Azərbaycan bizim enerji təminatımızda birinci yerdədir. Sərmayə qoyuluşunda da Azərbaycan birincilər sırasındadır”.

Baş nazir adları çəkilən layihələrin reallaşmasında ABŞ-ın rolunu da xüsusi qeyd edib, Birləşmiş Ştatları Gürcüstanın əsas strateji tərəfdaşlarından biri adlandırıb.

Forumda Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması məsələsinə də toxunulub.

Beynəlxalq tədbirdə Azərbaycan, ABŞ, Fransa, Türkiyə və digər dövlətlərin rəsmi şəxsləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.