YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

San-Fransiskoda Azərbaycanın tolerantlıq modeli müzakirə olunub

Amerika Yəhudi Komitəsinin (AYK) dəvəti ilə Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayev mayın 5-6-da Kaliforniyanın San-Fransisko şəhərinə səfər edərək, Azərbaycana dair keçirilən üç tədbirdə məruzə ilə çıxış edib. Diplomat əvvəlcə AYK-nin San-Fransisko üzrə regional nümayəndəliyinin idarə heyətinin üzvləri qarşısında məruzə oxuyub. Baş konsulun növbəti təqdimatları AYK-nin gənc peşəkarlar təşkilatı olan ACCESS-in üzvləri qarşısında və San-Fransiskonun ən qədim yəhudi dini ocaqlarından olan “Sherith Israel” sinaqoqunda keçirilib. Tədbirlərdə hüquq, maliyyə, elm, media, informasiya texnologiyaları və beynəlxalq biznes kimi müxtəlif sahələrdən olan nüfuzlu şəxslər iştirak ediblər.

N.Ağayev çıxışlarında Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. Baş konsul vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıran N.Ağayev bildirib ki, Azərbaycanın bu yöndəki səyləri artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz bəhrəsini verməkdədir. Baş konsul bu səpkidə aprelin 25-27-də Bakıda keçirilən, 140 ölkədən 3 minədək nümayəndənin qatıldığı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun böyük uğurla keçməsini nümunə kimi qeyd edib.

N.Ağayev, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasında olan sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb, eləcə də mədəniyyətlərarası dialoqa mühüm önəm verən Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin yüksək təqdirə layiq olduğunu diqqətə çatdırıb.

Sonda baş konsul tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırılıb.