YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Joze Manuel Qarsiya-Marqallo: İspaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə görüşündə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində bir sıra sənəd layihələrinin hazır olduğunu və yaxın zamanlarda imzalanacağına əminliklərini söyləyiblər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, mülki əhalini ağır silahlardan hədəfə alması, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə apardığı danışıqlar barədə ispaniyalı həmkarına məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Joze Manuel Qarsiya-Marqallo ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklədiyini diqqətə çatdırıb.

İspaniyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinin təqdir edildiyini deyən Elmar Məmmədyarov rəsmi Madridin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da öz töhfəsini verdiyini qeyd edib.

İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun təşkilatçılığını və işini yüksək qiymətləndirib.