YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saltuk Düzyol: TANAP-ın vaxtından əvvəl təhvil verilməsi üçün bütün imkanlardan istifadə olunacaq

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərini (TANAP) 2018-ci ilin iyunundan daha tez təhvil vermək üçün bütün imkanlardan istifadə olunacaq.

Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, layihə çərçivəsində bu vaxtadək təxminən 4,5 milyard dollar dəyərində tender yekunlaşıb və müqavilələr imzalanıb. Hazırda boru kəmərinin 440 kilometrlik hissəsi üzrə boruların qaynağı tamamlanıb. 1334 kilometr 56 düymlük hissənin təxminən üçdəbiri və 100 kilometr boru qazılmış sahəyə endirilib.

S.Düzyol qeyd edib ki, layihə çərçivəsində hazırda 5 min insan çalışır və yeni tenderlərlə işçilərin sayı 8 min olacaq.

Qeyd edək ki, TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 10 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.