YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Berqamoda Azərbaycan-İtaliya əlaqələrinə dair konfrans keçirilib

İtaliyanın Berqamo Universitetində bu ölkənin Leviko Terme şəhərində fəaliyyət göstərən Azərbaycan Tədqiqatları Mərkəzinin (ATM) və Xəzər dənizi üzrə Tədqiqatlar Mərkəzinin (XDTM) birgə təşkilatçılığı ilə “İtaliya və Azərbaycan: müstəqillikdən keçən 25 il” mövzusunda konfrans keçirilib.

Konfransı açan XDTM-nin rəhbəri, professor Mikele Brunelli tədbirdə müzakirə olunacaq mövzular barədə məlumat verib.

ATM-in rəhbəri Fernando Orlandi çıxış edərək keçmiş sovet ölkələri üzrə italiyalı tədqiqatçı Covanni Bensinin bu yaxınlarda dünyasını dəyişdiyini diqqətə çatdırıb. Bildirib ki, tədqiqatçı Qafqaz bölgəsi, o cümlədən Azərbaycan ilə bağlı bir sıra önəmli nəşrlərin müəllifi idi.

Konfransda “Azərbaycan və Cənub Qaz Dəhlizi” mövzusunda çıxış edən F.Orlandi müvafiq layihənin reallaşması kontekstində Azərbaycanın, Avropa İttifaqının və ABŞ-ın xarici siyasətini təhlil edib. Bildirilib ki, Azərbaycanın həyata keçirdiyi düzgün düşünülmüş xarici siyasət ölkənin beynəlxalq arenada uğurlu imic qazanmasına yol açıb. Bu uğurun nəticəsi kimi 2011-ci ildə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv seçilməsini göstərmək olar.

Milanda fəaliyyət göstərən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı, Azərbaycan haqqında yazılmış bir sıra kitab və məqalələrin müəllifi Karlo Frappi “Strateji tərəfdaşlığa doğru: Azərbaycan və İtaliya əlaqələri” mövzusunda çıxış edib. O, TAP layihəsinin Avropa üçün önəmindən, Azərbaycan ilə İtaliya arasındakı ticarət əlaqələrinin inkişafından bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan K.Frappi vurğulayıb ki, problemin həllinə dair BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinin mövcudluğuna baxmayaraq, məsələnin həlli istiqamətində heç bir irəliləyişə nail olunmayıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı faktına göz yumulur və bu ölkəyə qarşı heç bir sanksiya tətbiq olunmayıb.

Konfransda, həmçinin Azərbaycan və Avropa Şurası əlaqələrindən, Qafqaz ədəbiyyatından, xüsusilə də Qurban Səidin “Əli və Nino” əsərindən bəhs olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.