YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir

«Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini həmişə uca tutur. Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsi həqiqətlərini dünyaya yaymaq istiqamətində böyük işlər görürlər və güman edirəm ki, görülən işlər öz töhfələrini verir. Xüsusi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri qeyd etmək istəyirəm. Bu kampaniyanın sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Xocalı Azərbaycanın tarixində ən qanlı faciələrdən biridir. Onun sözlərinə görə, bu, təkcə Azərbaycan tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir: «Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada indiyə qədər bu faciəyə lazımi hüquqi və siyasi qiymət verilməyib. Bizim üzərimizə düşən başlıca vəzifə ondan ibarət olmalıdır ki, bu faciəyə bütün dünyada ən layiqli hüquqi və siyasi qiymətin verilməsinə nail olaq, faciəni törədənlərin hüquq və qanun qarşısında cavab verməsini təmin edə bilək. Xüsusilə dözülməz hal budur ki, bu faciənin törədilməsində birbaşa iştirak etmiş, qadınların, uşaqların, qocaların qanını tökmüş insanlar bu gün Ermənistanda hakimiyyətdədirlər».

Əli Əhmədov qeyd edib ki, ən xoşagəlməyən hal da ondan ibarətdir ki, terrorizmə qarşı, soyqırımlara qarşı çıxan dövlətlər, dövlət başçıları bir sıra hallarda Xocalı faciəsini törədən, Xocalıdakı insanların qanına əlini bulamış insanları lütf və nəvazişlə qəbul edirlər. «Bu, dünyadakı ikili standartların ən ifrat formasıdır. Nə qədər ki, bu ikili standartlar aradan qaldırılmayıb, nə qədər ki, bütün faciələrə, o cümlədən də Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməyib, təbiidir ki, onda dünyada ədaləti, sülhü, əminamanlığı bərqərar etmək, yeni-yeni faciələrin qarşısını almaq mümkün deyil. Necə ki, bu gün bütün dünyada insanları dəhşətə gətirən faciələr baş verir. Xocalı faciəsi baş verəndə bu faciələr yox idi, ancaq ondan sonra Avropanı lərzəyə salan Balkan faciələri, bu gün isə  dünyanı lərzəyə salan Yaxın Şərq faciələri başladı. Əlbəttə, bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə təbii ki, növbəti faciələr baş verir, necə ki, biz bunu tarixdə görmüşük. Biz hamımız, o xüsusilə dünya dövlətləri bu faciələrdən lazımi nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə faciələr baş verməsin»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv