YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyms Appaturay: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır

Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan NATO-nun əhəmiyyətli, etibarlı və ardıcıl tərəfdaşıdır.

Xüsusi nümayəndə buna ən böyük misal kimi Əfqanıstanda birgə fəaliyyəti göstərib. O, Azərbaycanın Əfqanıstanla xüsusi əlaqələrinin olduğunu, ölkəmizin əfqan təhlükəsizlik qüvvələrinə təlim keçmək sahəsində böyük töhfə verdiyini bildirib. “Biz Əfqanıstanın öz təhlükəsizliyini təmin etməyə qadir olmasında maraqlıyıq. Azərbaycanın bu sahədəki töhfələrini yüksək qiymətləndiririk”, - deyə C.Appaturay qeyd edib.

NATO-nun Azərbaycanda minalardan təmizləmə layihələrinə töhfə verdiyini bildirən xüsusi nümayəndə deyib ki, müvafiq layihə hazırda ikinci mərhələnin sonuna yaxınlaşır. O, birinci mərhələnin yekunlaşdığını və təxminən 1600 hektar ərazinin minalardan təmizləndiyini vurğulayıb.

C.Appaturay qeyd edib ki, Fərdi Tərəfdaşlıq Planı (IPAP) çərçivəsində əməkdaşlıq da uğurla davam edir: “Bu, iki illik dövrü əhatə edir və biz ikinci ilin sonuna yaxınlaşırıq. Mənim həmkarım bu yaxınlarda Azərbaycana gələcək və növbəti iki illik müddətə işin başlanması üçün müzakirələr aparılacaq. Biz yenilənmiş məqsədləri də müzakirə edəcəyik. Azərbaycan bizimlə sıx işləyir. Bu, bizim üçün çox müsbət haldır.

C.Appaturay Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinin yüksək qiymətləndirildiyini də vurğulayıb. O, enerji təhlükəsizliyi baxımından Azərbaycanın strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.