YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat strukturları rəhbərlərinin Tbilisidə görüşü keçirilib

Fevralın 12-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü keçirilib.

Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat strukturlarının rəhbərlərinin iştirak etdikləri tədbirdə ölkəmizi nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Bakı-Tbilisi-Qars dəmir yolu, böyük İpək yolu layihələri, eləcə də regionda həyata keçirilən digər irimiqyaslı layihələr barədə danışıb. Bildirib ki, bu layihələr dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha möhkəmlənməsinə, eləcə də ölkələrimizin turizm potensialının inkişafına, iqtisadi-ticarət dövriyyəmizin genişlənməsinə xidmət edir.

Ziya Məmmədov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, bu layihə bizim ölkələrimizin iqtisadi, sosial, mədəni inkişafında mühüm rol oynayacaq. Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək bu layihəyə böyük önəm verir. Bildirilib ki, layihə üzrə işlərin bir qədər gecikməsi dəmir yolu xəttinin keçdiyi ərazilərin mürəkkəb relyefi və dünyada baş verən maliyyə problemləri ilə əlaqədardır. Əvvəllər layihə üzrə Gürcüstanda işlərin başa çatdırılması üçün 200 milyon ABŞ dolları nəzərdə tutulurdusa da, sonradan bu rəqəm 575 milyon dollara qaldırıldı.

Nazir birgə səylər nəticəsində layihənin tikintisinin bu ilin sonuna başa çatacağına və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə veriləcəyinə əmin olduğunu bildirib.

Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Binəli Yıldırım Türkiyənin də bu layihəyə böyük dəstək verdiyini bildirib. O deyib ki, Türkiyə layihənin tikintisinin başa çatdırılması üçün bütün səylərini səfərbər edəcək. Türkiyəli nazir dünyada baş verən proseslərin bu və digər layihələrin reallaşmasına ciddi maneə törətdiyini, dünya dövlətlərini terrorla mübarizədə birliyə çağırıb.

Sonra görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, yolun tikintisinin tezliklə başa çatdırılması, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşınmaları və birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda Üçtərəfli Koordinasiya Şurasının 7-ci iclasının yekun protokolu imzalanıb.

Tədbir başa çatdıqdan sonra nazirlər mətbuat konfransı keçiriblər.

 

DİGƏR Xəbərlər Arxiv