YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkandır

Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının plenar iclasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək ölkəmizdəki multikulturalizm ənənəsindən danışıb.

Bir tərəfdən baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadları, digər tərəfdən siyasi müstəvidə baş verən qarşıdurmaların ictimaiyyəti ciddi narahat etdiyini bildirən Azərbaycanlı deputat ötən il baş verən qanlı terror hadisələrinə toxunaraq, heç bir xalqın, heç bir dövlətin bu kimi mənfi hadisələrdən sığortalanmadığını vurğulayıb.

Bu baxımdan o, əməkdaşlığın, fərqli dəyərlərə qarşılıqlı hörmətin bu gün çox vacib olduğunu bildirib. Xüsusilə də, dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumu səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoqun əhəmiyyətini qeyd edib.

S.Qafarova bildirib ki, dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının ən ümdə şərtlərindəndir. Ona görə də milli hökumətlər bu məsələlərin həllində diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizm və dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər. Qarşılıqlı hörmət və əməkdaşlığın bir çox problemlərin açarı olduğu diqqətə çatdırılıb.

Müstəqil Azərbaycan Respublikasının həmişə məhz bu dəyərlərə və niyyətə söykənən xarici siyasət kursu həyata keçirdiyi vurğulanıb.

Azərbaycanın tarixi və müasir gerçəklikləri sülh və təhlükəsizliyin təmin olunmasının multikultural dəyərlərin, dini və milli tolerantlığın mövcud səviyyəsindən birbaşa asılı olması qənaətinə gətirir.

Azərbaycanın təcrübəsində tolerantlığın, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmətin, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiramın sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yolu olması sübut olunub. Bu gün Azərbaycanda xristian, yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal platformadır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-ci il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Bunun Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından əhəmiyyətinə toxunulub.

Bakıdan dünyaya verilən bu mesajın lazımi şəkildə qiymətləndiriləcəyinə ümid etdiyini bildirən azərbaycanlı deputat sülh və əmin-amanlığın, təhlükəsizliyin, beynəlxalq hüquqi norma və prinsiplərin, ədalətin sözdə deyil, əməldə də öz əksini tapmasını arzu edib.

 

DİGƏR Xəbərlər Arxiv