YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abraham Kuper: Azərbaycandakı tolerantlıq digər ölkələr üçün nümunədir

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper ilə görüşüb.

DQİDK-nın mətbuat xidmətindən  bildiriblər ki, komitə sədri qonağa ölkəmizdə həyata keçirilən demokratik islahatlar, insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, din azadlığı, yəhudilərin Azərbaycanda məskunlaşma tarixi barədə məlumat verib.

Mübariz Qurbanlı Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadıqlarını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə, sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini vurğulayıb.

Komitə sədri deyib ki, yəhudilər də daxil olmaqla Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi təsadüfi deyil.

M.Qurbanlı dövlətin ölkəmizdə fəaliyyət göstərən bütün dini icmalara diqqət göstərdiyini, maliyyə vəsaiti ayırdığını bildirib. Həmçinin vurğulayıb ki, tolerantlıq siyasəti Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi ilə daha geniş vüsət alıb.

Azərbaycana ilk dəfə 1972-ci ildə - sovet dövründə səfər etdiyini bildirən qonaq hələ o illərdə ölkəmizdə yəhudilərin dinc şəraitdə yaşadıqlarından danışıb. Müstəqilliyini bərpa etdikdən sonra isə 2010-cu ildə respublikamıza gəldiyini deyən Abraham Kuper Azərbaycanın ötən dövr ərzində dinamik inkişaf etdiyini vurğulayıb. O, ölkəmizdə dini icmaların sərbəst fəaliyyət göstərdiyinin şahidi olduğunu diqqətə çatdırıb və bundan məmnunluğunu ifadə edib. Azərbaycanın geosiyasi cəhətdən unikal mövqeyə malik olduğunu deyən A.Kuper burada müxtəlif dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadıqlarını, bərabər imkanlara malik olduqlarını vurğulayıb. Qonaq deyib ki, Azərbaycandakı bu tolerantlıq digər ölkələr üçün nümunə olmalıdır.