YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “Algemeiner” qəzetində “Azərbaycan: Antisemitizmə qarşı çıxan müsəlman ölkəsi” adlı məqalə dərc edilib

Ötən il dekabr ayının sonlarında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Los-Anceles şəhərindən ravvin Baruk İzraelin Amerika yəhudilərinin ingilis dilində çıxan nüfuzlu “Algemeiner” qəzetində “Azərbaycan: Antisemitizmə qarşı çıxan müsəlman ölkəsi” adlı məqaləsi dərc edilib. Bu barədə  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.

Müəllif məqalədə yazır: “2015-ci il sona çatdığı ərəfədə Azərbaycanda, Bakıda oldum. Mən bu ölkənin İsrail və Birləşmiş Ştatlarla dostluq münasibətini daha yaxşı aydınlaşdırmaq və dəyərləndirmək niyyətində idim.

Şabat üçün yemək axtarışına başlayaraq gəzintiyə çıxdım və əhalisinin 96 faizi müsəlmanlardan ibarət olan bir ölkədə və paytaxt şəhərdə, xüsusilə sakit küçələrin birində qapalı məkanda yerləşən, kənd təsərrüfatı məhsullarından tutmuş süfrəyə lazım olan bütün naz-nemətlərin satıldığı bir ərzaq mağazası tapdım. Digər günlərdə olduğu kimi, mən elə bir libasda idim ki, kənardan baxan mənim bir yəhudi olduğumu asanlıqla seçə bilərdi.

Bu kəskin fərqi qiymətləndirmək üçün fərqli bir təcrübə yaşayacağımı düşünürdüm. Lakin Bakıda öz təhlükəsizliyim barədə narahat olmaq qətiyyən ağlımdan keçmirdi. Tanımadığım insanlar mənə gülümsəyir, hətta bəziləri “Şalom” da deyirdi.

Şəhərin gözəl memarlıq nümunələri və ağaclarla əhatə olunmuş, həmçinin müəyyən dərəcədə Yerusəlimin Nahlaot məhəlləsini xatırladan bu hissəsi qədimlik və müasirliyin gözəl harmoniyasını özündə əks etdirir. Nahlaot kimi Bakının bu dindar müsəlman məhəlləsində də insan özünü təhlükəsiz şəraitdə hiss edirdi. Bu, bəlkə də mühitin dindar olması və dinin digər şəxslərə qarşı müsbət və dəstəkləyici mövqedə dayanması fikri ilə bağlıdır. Lakin buranın Nahlaotdan bir fərqli cəhəti var idi: İsraildə insanları terrorçu avtomobillərin təhlükəsindən qorumaq üçün nəzərdə tutulmuş, maşın sürməyin mümkün olmadığı dar yolların daxili mühafizəsinə Bakıda ehtiyac duyulmurdu.

Bakı fərqli etiqadları olan vətəndaşların sağlam mədəni və dini müxtəlifliyinin mövcud olduğu nadir və perspektivli bir dövlətin paytaxtıdır. Bəzi media orqanları Azərbaycanın bu dərəcədə tolerant olmasının səbəbini onun dünyəvi ölkə olmasında görürlər. Lakin bu, olduqca dərin və qədim bir dəyərə səthi yanaşmadır. Azərbaycanın dini mühiti müxtəlif din və etiqada məxsus təmtəraqlı tədbirlərin və əsrarəngiz ibadətgahların səmərəliliyi ilə fərqlənir. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan, ənənələrə lazımi səviyyədə sadiq qalan və ailəcanlı bir cəmiyyətin yəhudi və xristian qonşularla bu dərəcədə yaxşı münasibət qura bilməsinin səbəbini anlamaq heç də çətin deyil. İnam, hörmət və mehribanlığı özündə birləşdirən dəyərlər müxtəlif etiqadlar arasındakı sərhədləri aşaraq bir-birini qarşılıqlı şəkildə qiymətləndirməyə yol açır.

Birləşmiş Ştatlardakı bütün fərqli yəhudi icmaları kimi, Azərbaycanda yaşayan 30 min yəhudi də Aşkenazi, Səfərad, Hasidik və Azərbaycanın 2000 illik qədim tarixə malik dağ yəhudiləri ilə unikal şəkildə təmsil olunur. Onların hamısı eyni istəkləri paylaşır: əhatə dairəsini genişləndirmək, daha çox insanla əlaqə yarada bilmək və gəncləri yəhudilik dəyərlərinə kökləmək. Amerikadakı vəziyyətdən fərqli olaraq, antisemitizm onların heç vaxt həll etmək məcburiyyətində qalmadıqları bir problemdir. Bu xüsusi fikir mən Bakıda, həm də, paytaxtdan cəmi 2 saatlıq məsafədə yerləşən Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı Qəsəbədə olarkən müxtəlif ravvinlər, icma rəhbərləri və tələbələr tərəfindən də ünsiyyət zamanı aydın şəkildə və dönə-dönə vurğulanmışdı.

Azərbaycanda yaşayan yəhudilər hazırda yəhudilər əleyhinə fəal yürüşlərin keçirildiyi və şüarların səsləndirildiyi bir çox dövlətlərdən, o cümlədən Birləşmiş Ştatlardan fərqli olaraq burada təhlükəsiz şəraitdə yaşadıqlarını və onlara qarşı olan hörməti yüksək qiymətləndirirlər.

Həm Yerusəlimdəki, həm də Los-Ancelesdəki məktəblərdə, məhəllələrdə və qlobal mediada dinlərarası harmoniya və müsbət multikulturalizm tədqiq edilməli və insanlara aşılanmalıdır. Azərbaycan Respublikasının çoxsaylı müttəfiqləri, zəngin nefti və tarixi ola bilər, lakin onun ən böyük təbii sərvəti bir-birini qəbul edə bilmək və hörmətlə yanaşmaq dəyəridir. Bunlar bütün dövlətləri dözümsüzlük və nifrətə qarşı gücləndirməyi bacaran əsas prinsiplərdir.

Azərbaycanı daha çox birliklər və rəhbərlər araşdırsa, buraya baş çəksə və mənim gördüklərimi müşahidə etsə, dinlərarası birlik üçün inam və ruhlandırıcı qüvvə sürətlə kök salar və daim zəfər çalan və hamı tərəfindən müdafiə olunan sülh fikri təbliğ olunardı. Azərbaycanda bir çoxları bu arzuya “inşallah” deyərdi”.