YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Dövlət Sərhəd Xidməti və Türkiyənin Quru Qoşunları arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir

Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Salih Zəki Çolakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, görüşdə ölkələrimiz arasındakı möhkəm əlaqələrin qədim tarixi köklərə, mehriban dostluq və qardaşlıq ənənələrinə əsaslandığı məmnunluq hissi ilə qeyd olunub. Hərbi əməkdaşlığın uğurlu inkişafı xüsusi vurğulanıb, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və işbirliyinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən ordu generalı S.Çolak Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Həmçinin, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Söhbət zamanı tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.