YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 21-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi açılıb

Sentyabrın 18-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 21-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisi (“BIHE-2015”) açılıb.

Azərbaycan Stomatoloji Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) da təşkilati dəstək göstərdikləri sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək ölkəmizdə səhiyyənin sürətlə inkişaf etdiyini deyib. Bildirib ki, sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycanda səhiyyə sahəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur. Nazir müavini bildirib ki, Azərbaycanda əhalinin sağlamlığına olduqca böyük diqqət yetirilir.

O, Azərbaycanın dinamik inkişafından danışaraq bütün bunların ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, 21-ci dəfə keçirilən beynəlxalq “BİHE” sərgisi Azərbaycanın daima artan iqtisadi qüdrətinin bariz nümunəsidir.

Digər çıxış edənlər də sərginin əhəmiyyətindən danışıblar.

Məlumat verilib ki, bu il sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya ABŞ, İsveçrə və digər ölkələr də daxil olmaqla, ümumilikdə dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edəcək. Daha bir milli stend isə Rusiya Federasiyasının 27 şirkətini bir araya gətirəcək. Rusiya şirkətlərinin Bakıda təşkil olunan sərgidə iştirakı Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi tərəfindən dəstəklənir. İlk dəfə Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcəklər. İranın əczaçılıq şirkətləri də böyük fəallıq nümayiş etdirirlər. Beləliklə, bu il “BIHE” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Yerli eksponentlər nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı distribüterləri tərəfindən təmsil olunacaq. Yerli distribüterlər arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır. Ümumilikdə sərgi iştirakçılarının sayı ötən il keçirilmiş sərgi ilə müqayisədə 12 faiz çoxdur.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.