YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər

«Biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son 2 ildə bir neçə dəfə bu təşkilat bizim ölkəmiz barəsində ədalətsiz mövqeyini nümayiş etdirmişdir. Amma bu dəfə Avropa Parlamenti, necə deyərlər, bütün çərçivələri aşmışdır. Hələ mən adi cinayət faktlarının siyasiləşdirilməsini, məhkəmə sisteminə müdaxilə edilməsini demirəm. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulmuş, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılmışdır». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən fövqəladə sessiyasında deyib.

O.Əsədov bildirib ki, hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edəndə biz çalışırdıq ki, yaranan məsələlər tarazlaşdırılmış şəkildə yoluna qoyulsun, müəyyən hədləri keçməməyə diqqət yetirilsin. Bir çox məsələləri açmırdıq. Amma axırda vəziyyət başqa şəkil aldı.

«Mən Avropa Parlamentinin Sədri M.Şultsu korrupsiyaya qurşanmış lobbiçi qruplaşmalarla iş birliyinə son qoymağa çağırıram. Hesab edirəm ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqelərini zəiflətməkdir. Bununla əlaqədar Dağlıq Qarabağdakı qondarma rejimin başçısı B.Saakyan kimi terrorçunun Avropaya səfərlərinin təşkil edilməsini xatırlatmaq istəyirəm. Bütün bu addımlarda məqsəd Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə mane olmaq, Azərbaycan ərazisinin işğalının nəticələrinə haqq qazandırmaqdır.

Azərbaycan parlamenti olaraq biz həmişə beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlığın tərəfdarı olmuşuq. Bu istiqamətdə xeyli iş görmüşük. O cümlədən Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasının yaradılmasında iştirak etmişik. Biz ümid edirdik ki, Azərbaycanla bağlı məsələlər ilk öncə bu qurumlarda müzakirə olunacaq və həmin müzakirələr problemlərimizin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həllinə kömək edəcəkdir. Əvəzində nə gördük? Son 2 ildə bu komitənin heç bir iclası keçirilmədi. Nə Avronestin, nə də digər beynəlxalq təşkilatların sənədlərinə Dağlıq Qarabağla bağlı 1 bənd də daxil edilmədi. Paritetdən danışıb Dağlıq Qarabağ problemini qulaqardına vurdular. Bizi istəyənlər də, istəməyənlər də bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra heç kəsin himayəsi altına girməyəcək, heç kəsin buyruğu ilə hərəkət etməyəcək, öz müstəqil siyasətini yeridəcəkdir. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər.

Azərbaycanda xalqla iqtidar arasında sarsılmaz birlik vardır. Biz bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək bizə qarşı yönələn bütün qəsdləri dəf edəcəyik»- deyə, spiker vurğulayıb.