YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“SOCAR Turkey Enerji A.Ş.”nin TANAP-da səhmə sahib olması SOCAR-ın maliyyələşmə probleminin həllinə kömək edəcək

“SOCAR Turkey Enerji A.Ş.”nin Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsində 7 faizlik səhmə sahib olması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyələşmə probleminin həllinə kömək edəcək.

Bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.

SOCAR-ın prezidenti qeyd edib: “SOCAR Turkey Enerji A.Ş.”nin TANAP-da səhm alması maliyyələşmə probleminin həll edilməsi üçün sistemdə edilən düzəlişdir. Bu gün SOCAR TANAP-da 58 faiz səhmə sahibdir və şirkət özünün 7 faizlik səhmini “SOCAR Turkey Enerji A.Ş.”yə satır ki, maliyyələşmə əməliyyatları həyata keçirilsin. Bu isə spesifik keçidlərdir”.

R.Abdullayev bildirib ki, SOCAR-ın Türkiyədəki aktivlərinin artması “SOCAR Turkey Enerji A.Ş.”nin böyüməsi deməkdir. Bu yaxınlarda SOCAR-ın TANAP-dakı səhmlərinin 13 faizinin 1,3 milyard dollara satışı təmin edilib. Həmin vəsaitlər də SOCAR-ın banklardan götürdüyü kreditlərin qaytarılmasına və yeni layihələrin maliyyələşdirilməsinə yönələcək.

Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.