YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik

“Azərbaycanın beynəlxalq əlaqələri davamlı olaraq inkişaf edir. Dövlətimizin xarici  siyasət kursunda dünya ölkələri ilə münasibətlərin bərabərhüquqlu əsasda güclənməsi, yeni tərəfdaşlıq qurulması və digər amillər mühüm yer tutur. Təqdirəlayiq haldır ki, beynəlxalq əlaqələrimizin coğrafiyası daha da genişlənməkdədir. Artıq Afrika qitəsində yerləşən ölkələrlə də Azərbaycanın fəal təmasları qurulur. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri də dünya ölkələri ilə genişlənən münasibətlərimizin göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Qərbi Afrikada yerləşən Konqo da tarix boyu müstəmləkəçilikdən əziyyət çəkib. Konqo uzun mübarizədən sonra 1960-cı ildə müstəqilliyə qovuşub. Konqo Respublikasının Prezidenti səfər çərçivəsində keçirdiyi görüşlərdə xatırladıb ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq etməsinə, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir: “Ona görə də biz  istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartlara qarşı birlikdə mübarizə aparacağıq”. Müstəqil Azərbaycanla Konqo Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış Birgə Kommünike əsasında qurulub. İndiyədək ikitərəfli əlaqələr məhdud olsa da, tərəflər siyasi dialoqu və iqtisadi əməkdaşlığı genişləndirməyəyə böyük maraq göstərirlər. Prezident İlham Əliyevin Konqo Respublikasının Prezidentini ölkəmizə səfərə dəvət etməsi, dəvətin məmnuniyyətlə qəbul olunması və artıq uğurla reallaşması bunu əyani şəkildə təsdiqləyir. Mətbuata verdiyi Bəyanatında səfərin önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq”.

Millət vəkilinin sözlərinə görə, dövlət başçılarının görüşündə perspektiv əməkdşalıqla bağlı önəmli məsələlər müzakirə olunub. Yaranan qənaət ondan ibarətdir ki, iki ölkə arasında siyasi əlaqələrin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur. Səfər çərçivəsində prezidentlər tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” bunu bir daha təsdiqləyir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Konqo indiyə kimi beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq ediblər. O cümlədən Qoşulmama Hərəkatı (QH) Azərbaycanla bir sıra Afrika ölkələrini, o cümlədən də Konqo Respublikasını bir araya gətirən mühüm platformadır. Prezident İlham Əliyevin dediyi kimi, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Ölkəmizin təşəbbüsləri Konqo Respublikası tərəfindən hər zaman dəstəklənib. Konqonun və digər dost ölkələrin dəstəyinin nəticəsidir ki, Azərbaycanın QH-na sədrliyi kifayət qədər uğurlu keçib. Belə ki, ötən dörd il ərzində Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib. Qurumun Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində formalaşıb. “Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Həmçinin Konqo Respublikasının Prezidenti də ölkəsinin Azərbaycanla Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etməsindən məmnunluğunu bildirib.  O, Azərbaycanın dövlət başçısının müxtəlif qlobal məsələlərdə liderlik nümayiş etdirməsinə xüsusi diqqət çəkərək vurğulayıb: “Mən əlavə etmək istərdim ki, biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”. onu da qeyd edək ki, tərəflər arasında iqtisadi əlaqələrlə bağlı faydalı müzakirələr aparılıb.  Liderlər keçirilən görüşlərdə və mətbuata verdikləri bəyanatlarda bu sahədə gələcək əməkdaşlıq istiqamətlərindən geniş bəhs ediblər. Bununla əlaqədar Prezident İlham Əliyev deyib: “Biz bu gün təbii ki, iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”.

“Bütövlükdə, iki ölkə arasındas imzalanan sənədlər əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq”-deyə, Pərvin Kərimzadə vurğulayıb.