YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji əməkdaşlıq üçün imkanlar mövcuddur

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində  ikitərəfli əlaqələrin inkişafı  əsasdır.  Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq diqqətdən kənarda qalmır. Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında diqqət göstərilən məsələlər fonunda əlaqələrin hazırkı inkişaf səviyyəsinə və mövcud imkanların gələcək hədəflərin müəyyənləşdirilməsində oynadığı rola aydınlıq gətirdi. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər etdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. Siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur.

Səfərin əhəmiyyətini artıran mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. Bu baxımdan Azərbaycan və Konqo Prezidentlərinin iştirakı ilə imzalanan hər bir sənəd münasibətlərimizin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayacaq. “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalandı. Əməkdaşlıq haqqında Bəyannamə Azərbaycan-Konqo münasibətlərinin inkişafı üçün mövcud imkanlara işıq salır. Konqo Prezidenti bildirdi ki, Prezident İlham Əliyev  Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi.

Qeyd edildiyi kimi, imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir,  əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.

Əsas hədəflər sırasında BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələrinin  inkişaf etdirilməsi dayanır.  Hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək. Cənab İlham Əliyev bildirdi ki,  Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Azərbaycanın  təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması qurumun üzvlərinin marağındadır. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında AZərbaycanın xarici siyasətinin prioritetlərindən bəhs edərkən onu da vurğuladı ki,  Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin hədəfləri sırasında   neokolonializmə qarşı mübarizə məsələləri dayanmışdır. Bu gün də bu belədir. Xarici siyasət istiqamətlərimiz arasında bu sahə xüsusi önəm daşıyır.

Prezident diqqəti Bakı Təşəbbüs Qrupunun yaradılmasına və hazırda  dünya miqyasında böyük hörmətə malik olan qurum olmasına da yönəltdi. Qeyd etdi ki, bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də geniş imkanlar mövcuddur.  Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, kənd təsərrüfatı, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. O da bildirildi ki,  səfəri  yaxşı təşkil etmək, hazırlıq işlərini yüksək səviyyədə həyata keçirmək və  yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki,  strateji əməkdaşlığımız üçün çox gözəl zəmin var.

Bütün bunlar onu deməyə əsas verir ki, hər iki tərəf əlaqələrin inkişafında maraqlıdır və bunun üçün zəruri olan bütün addımları atmağa səy göstərirlər.