YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkələrimiz arasında çox böyük potensial var

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Biz inanırıq, düşünürük ki, burada ölkələrimiz arasında əməkdaşlıq istiqamətində çox yaxşı addım atdıq və biz mütləq qalib olacağıq. Ona görə də mən cənab Prezidentdən xahiş etdim ki, Konqoya dostluq səfəri etməklə bizi şərəfləndirsin. Mən ona dəvətnamə göndərəcəyəm və biz Prezidenti ölkəmizdə qəbul etməkdən şərəf duyacağıq. Bu da başqa bir tarixi hadisə olacaq. Prezidentin bizim ölkəmizə səfəri məhsuldar əməkdaşlığımızda növbəti addım olacaq.” Aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Prezidenti Deni Sassu-Nqesso bu fikirləri ilə qarşılıqlı səfərlər fonunda əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı. İki ölkə arasında iqtisadi, siyasi, humanitar  sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi və gələcəkdə bu imkanların daha da artacağına əminlik ifadə  olundu. Dövlət başçısı İlham Əliyev Konqo Prezidenti ilə geniş tərkibdə görüşdə bildirdi ki, gündəliyimiz kifayət qədər genişdir. Siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.  Müzakirə olunan bütün məsələlərlə bağlı  fikirlərimiz üst-üstə düşür: “Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.”

Qeyd edək ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Bunları qeyd etməkdə məqsədimiz Azərbaycanın qeyd olunan sahədə zəngin təcrübəyə malik olduğunu, əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün imkanların movcudluğunu diqqətə çatdırmaqdır.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycan iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini artırmağı hədəfləyib.

Konqo Prezidenti Azərbaycanın bərpaolunan enerji sahəsində təcrübəsindən yararlanmaq istəklərini önə çəkərək onu da bildirdi ki, ölkələrimiz arasında çox böyük potensial var və o, əhalimiz üçün inkişafa töhfə verə bilər: “Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik.”

Göründüyü kimi, Prezidentlər ölkələrinin hansı imkanlara malik olduğunu təqdim edərək həmin sahədə əlaqələrin qurulmasının vacibliyini diqqətə çatdırdılar. Məqsəd yeni mərhələyə qədəm qoyan Azərbaycan-Konqo münasibətlərinin müxtəlif sahələr üzrə inkişafına yeni əlavələr etməkdir. Konqo Prezidenti səfərindən məmnunluğunu ifadə edərək Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və vurğuladı ki, dövlətimizin başçısı Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi.