YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlarımız davamlılığı ilə diqqətdədir

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərinin təqdimatında əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra ölkəmizin bütün sahələrdə, xüsusilə xarici siyasətdə qazandığı uğurların miqyası daha da genişlənir. Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri bu kimi məqamlara aydınlıq gətirdi. Səfər çərçivəsində Prezidentlərin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında müzakirə edilən məsələlər, Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizlə əməkdaşlığa necə önəm verildiyini nümayiş etdirdi.

Səfərdə diqqət göstərilən əsas məsələlərdən biri iki ölkənin BMT-də və Qoşulmama Hərəkatında əlaqələrinin yüksək səviyyədə olmasıdır. Dövlət başçısı İlham Əliyev “Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır” söyləyərək onu da xüsusi qeyd etdi ki, bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması təşkilatın hər bir üzvünün marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıldı: “Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır.” Konqo Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə cənab İlham Əliyevin liderliyini alqışladığını bildirdi.

Reallıq budur ki, ikitərəfli əlaqələrin inkişafı beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin səviyyəsinə öz müsbət təsirini göstərir. Azərbaycan-Konqo əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün imkanların mövcudluğu bildirildi. Ayrı-ayrı sahələr üzrə sənədlərin imzalanması da bunun bariz nümunəsidir. Əməkdaşlıq haqqında Bəyannamə gələcək inkişafın yol xəritəsidir. Cənab İlham Əliyevin “Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır” fikirlərinin davamı olaraq Konqo Prezidenti bildirdi ki, tərəfimizdən ünvanlanan bütün sorğulara müsbət cavab verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edir. Beynəlxalq səviyyədə - istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacağıq: “Çünki söhbətimiz zamanı fikirlərimizin bir-biri ilə yüksək səviyyədə üst-üstə düşdüyünü gördük. Prezident və mənim tərəfimdən imzalanan Bəyannamə mühüm mərhələdir. Fikrimcə, bu, gələcək aylarda və illərdə ölkələrimiz arasında bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək.”

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, etimad mühitini daha da möhkəmləndirməsi yeni dostlar, tərəfdaşlar qazanması ilə yanaşı, mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafına stimul verir. Bu gün bərpaolunan enerji sahəsində əməkdaşlıq əsas hədəflər sırasındadır. Azərbaycanın bu sahədə də təcrübəsi yüksək dəyərləndirilir və tətbiqinə xüsusi önəm verilir. Ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı olan COP29 Azərbaycanın bərpaolunan enerji sahəsində də mövcud imkanlarına işıq salaraq yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək.