YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq.” Dövlət başçısı İlham Əliyev martın 11-də ölkəmizdə dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata birgə bəyanatlarında ilk növbədə diqqəti işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına yönəltdi və bu təşəbbüsünə görə Qazaxıstan Prezidentinə bir daha təşəkkürünü bildirdi: “Bu, Prezidentin şəxsi qərarıdır və bu qərardan həmin layihənin reallaşdırılmasına qədər çox az vaxt keçib. Sabah biz birlikdə bizim keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq bu mərkəzi açacağıq. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.”

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük Qayıdış proqramının icrası həyata keçirilir. Dövlət başçısı İlham Əliyev hər bir  çıxışında bu hədəfi də açıqlayır ki, artıq keçmiş məcburi köçkünlər-bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Türkdilli ölkələrin bərpa-quruculuq işlərinə dəstəyi də cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Özbək və qazax xalqlarının Azərbaycan xalqına hədiyyələri dostluğumuzun, qardaşlığımızın təqdimatı oldu.

Tarixi Zəfərimizdən sonra türkdilli ölkələr arasında əlaqələr müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan və Qazaxıstan arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatlarında bu kimi məsələlərə xüsusi diqqət göstərildi.  “İkitərəfli gündəliyə gəldikdə, bu gün Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olunub” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Nəqliyyat-tranzit məsələsi geniş müzakirə olundu. Prezidentlər Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər.  Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Azərbaycan və Qazaxıstan da qonşulardır. İki qardaş ölkəni  təkcə Xəzər dənizi ayırır. Amma bu gün o da əngəl deyil, əksinə, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür. Çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır.

Qarşılıqlı səfərlər fonunda əlaqələrin inkişafında mövcud potensial bir daha təhlil edilir, imzalanan sənədlər əsasında gələcəyə böyük əminlik nümayiş olunur. Azərbaycan və Qazaxıstan Prezidentlərinin iştirakı ilə imzalanan 9 sənədin hər biri münasibətlərdə yeni istiqamətdir. Prezident Kasım-Jomart Tokayev münasibətlərimizi belə səciyyələndirdi ki, həqiqətən son vaxtlar yüksək səviyyədə təmaslar artıb. Bu, çox müsbət məqamdır. Cari il də istisna olmayacaq: “Biz yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak etmək üçün Sizi azı iki dəfə Qazaxıstanda gözləyirik. Mən özüm də Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər etməyi planlaşdırıram. Düşünürəm ki, bu təmaslar strateji tərəfdaşlığı və hətta Qazaxıstanla Azərbaycan arasında müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalıdır. Strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın   mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.”