YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin inkişafına yönəlmiş dəqiq addımlar

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə dövlət səfəri, səfər çərçivəsində qazax xalqının Azərbaycan xalqına hədiyyəsinin təqdimatı, Qarabağın tacı Şuşada olması, münasibətlərdə yeni səhifənin açılmasına stimul verən sənədlərin imzalanması bu gün geniş müzakirə olunan məsələlərdəndir.

“Bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir” fikirləri ilə qardaş ölkənin uğurlarından keçirdiyi qürur hissini xüsusi vurğulayan cənab İlham Əliyev onu da bildirdi ki, biz buna ürəkdən sevinirik: “Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi olursan. Mən Kasım-Jomart Kemeleviçə dedim ki, müasir, gözəl meqapolis olan Astananın salınması dünya tarixində nadir nümunələrdən biridir. Mənim hər səfərimdə, - artıq dediyim kimi, son ilyarımda dörd dəfə orada olmuşam, - inkişafın şahidi oluram. Bütün bunlar Prezident Tokayevin öz xalqının, dövlətinin rifahı naminə və dostlarının sevincinə səbəb olan islahatlarını əks etdirir. Biz münasibətlərimizi daha böyük məzmunla zənginləşdirmək üçün səmimi səylər göstəririk. Dövlət səfəri münasibətlərin ən yüksək səviyyədə nümayişidir. Səfərə hazırlıq çərçivəsində onu ciddi məzmunla zənginləşdirməyə çalışırdıq.”

Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan  Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrında  olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etmişdir.  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə oldu. Hər bir səfər münasibətlərin irəliyə doğru inkişafına bir stumuldur.

Bu gün müzakirə olunan əsas məqamlardan biri dostluq və qardaşlıq əlaqələrimizin  rəmzi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimin keçirilməsidir. Azərbaycan və Qazaxıstan Prezidentlərinin birgə iştirakı ilə keçirilən bu mərasimdə səsləndirilən fikirlər dostluq münasibətlərimizin təqdimatı oldu.

Qazaxıstan Prezidentinin “Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev  füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından  bu qardaş hədiyyəsinə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirdi və qeyd etdi ki, azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması  Kasım-Jomart Tokayevin  şəxsi təşəbbüsüdür: “Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir.”

Azərbaycanla Qazaxıstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Səfər çərçivəsində daha çox diqqət göstərilən sahə nəqliyyat sektoru oldu. Dövlət başçısı İlham Əliyev bildirdi ki, zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. Bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür. Ona görə də əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Bu kompleksdə rəqəmsallaşma ilə bağlı layihələr də dəstəklənəcək. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir.

Göründüyü kimi, hər bir sahənin inkişafı yalnız ikitərəfli əlaqələrə deyil, çoxtərəfli əməkdaşlığa da geniş imkanlar yaradır. Türk birliyi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Cənab İlham Əliyev bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.