YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mənəvi bağlar bizə güc verir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.  Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Azərbaycanın  ikiillik sədrlik dönəmində türk dünyasının birliyi istiqamətində atdığı addımlar daim təqdir edilir.  Hazırda daha bütöv, birləşmiş şəkildə gələcəyə addımlayırıq. Cənab İlham Əliyev daim bu əminliyi ifadə edir ki, təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Həm tarix, həm mədəniyyət, həm də ənənələrimiz, adət-ənənələrimiz bu birliyi diktə edir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir.

Bu gün türkdilli dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı göz qabağındadır. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.  Prezident İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü ilin noyabrında olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə oldu.

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

 Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında, həmçinin Prezidentlərin mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin hazırkı inkişafını şərtləndirən amillər geniş təhlil edildi. “Şuranın yaradılması qərarı özlüyündə tarixdir. Bu, münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Hesab edirik ki, səfərin nəticələri və Dövlətlərarası Şuranın iclası bir çox hallarda münasibətlərimizin gələcək gündəliyini müəyyən edəcək” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir.

 Dövlət başçısı Qazaxıstanın uğurlarının bizi çox sevindirdiyini bildirdi. Qeyd edildi ki, Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Qazaxıstan Prezidentinin  ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatları tam dəstəkləyirik.

Səfər çərçivəsində nəqliyyat-tranzit məsələsi geniş müzakirə olundu. Prezidentlər  Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər.  Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib. Bu mühüm məqam da diqətə çatdırıldı ki,  əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir. Dövlət başçısı İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar.

Ümumilikdə səfər mühüm məqamlarla qadda qaldı. Əlaqələrin gələcək inkişafına xidmət edən sənədlər imzalandı. Həmçinin Azərbaycan və Qazağıstan Prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. Bu Mərkəz qazax xalqı adından Azərbaycan xalqına hədiyyədir. Dövlət başçısı İlham Əliyev Mərkəzi dostluğumuzun mərkəzi kimi dəyərləndirdi və bildirdi ki, ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir.