YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası münasibətlərdə etimad mühitinin əhəmiyyətli faktoru

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları enerji sahəsində əməkdaşlığın yol açdığı uğurlara, eyni zamanda, onların fonunda gələcək hədəflərə işıq saldı.  Artıq onuncu dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının keçirilməsi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından xəbər verir. Dövlət başçısı İlham Əliyev toplantıdakı çıxışında “Burada, “Gülüstan” sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır” fikirlərini söyləməklə ötən dövr ərzində hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilən enerji təhlükəsizliyinin təmin edilməsində birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsinin aparılmasının rolunu açıqladı.

Azərbaycanın Avropanın enerji təminatında rolu daim yüksək dəyərləndirilir. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa vurmaq üçün səylər göstərməsi təqdir edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu layihələr dövlətləri, xalqları daha da yaxınlaşdırır, dövlətlərarası münasibətlərdə etimad mühitinin əhəmiyyətli faktor olduğunu açıqlayır. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində bu amilin rolu yüksək dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev toplantı çərçivəsində “Euronews” televiziyasına müsahibəsində də bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür: “Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.”

Reallıq budur ki, Azərbaycan hər zaman əməkdaşlıq, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çağırışlarını edir və bunu atdığı addımları ilə təsdiqləyir. Xatırlasaq, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmadan öncə Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bu çağırışı etdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən bu müddət ərzində birgə səylərin nəticəsində reallığa çevrilən layihələrə diqqət yetirmək kifayətdir. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişləndi, çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan icrasına başlanılan hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP-ın icrası 2020-ci ilin sonunda başa çatdı. Bu o dövr idi ki, Azərbaycan həmin il 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Bu faktın özü təsdiqləyir ki, Azərbaycan dövləti hansı vəziyyətin yaşanmasından asılı olmayaraq iqtisadi islahatları, layihələrin icrasını davam etdirir. Təbii ki, bu kimi mühüm amillər dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin təqdimatlarıdır.

Bu gün artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsindən bəhs edirik. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi özünü təsdiqləməsini nümayiş etdirir. Cənab İlham Əliyevin sözügedən toplantıda qeyd etdiyi kimi, sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.

Göründüyü kimi, siyasəti əməkdaşlığa əsaslanan Azərbaycan hər zaman bu coğrafiyanı genişləndirməyə səy göstərir. Hazırda dövlət başçısı İlham Əliyevin  yeni enerji siyasətinin  mühüm tərkib hissəsinə uyğun olaraq  Avropaya növbəti  enerji körpüsü salınır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur.  Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

Azərbaycanın müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atdığı addımlar liderliyini qoruyur, dünya birliyinin fəal üzvü kimi mövqeyini möhkəmləndirir, yeni layihələrin gündəmə gətirilməsinə çağırışlar edir. Hər bir layihənin uğurla başa çatması yeni tərəfdaşlar arasında əlaqələrin möhkəmlənməsinə və onların coğrafiyasının genişlənməsinə yönələn yeni layihənin gündəmə gətirilməsi üçün stimuldur. Bu baxımdan beynəlxalq səviyyədə belə bir əminlik ifadə olunur ki, Azərbaycan gələcəkdə Cənub Qaz Dəhlizi kimi layihələrin yenə də təşəbbüsçüsü olacaq.

Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında, həmçinin “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın  bu il ev sahibliyi edəcəyi mötəbər tədbirdən- COP29-dan bəhs etdi. Bu əminlik ifadə olundu ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.