YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib, öz mərdliyi, saflığı və sədaqəti ilə seçilib, milli-mənəvi dəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynayıb. Hər zaman öz müdrikliyi, ləyaqəti ilə seçilən qadınlarımız bu gün müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra da ölkəmizdə qadınlara olan qayğı daim diqqət mərkəzində saxlanılıb. Ölkə daxilində qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul olunan Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə ölkəmiz “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında”, “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşulub. 1998-ci ildə ölkəmizdə Azərbaycan Qadınlarının Birinci Qurultayı keçirilib. Ümummilli liderin 2000-ci il 6 mart tarixli “Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanına əsasən, qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması ön plana çəkilib.1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin milli maraqlarına xidmət edən və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, yüksək əxlaqi dəyərlərə, zəngin mənəvi-intellektual səviyyəyə malik olduğunun bariz nümunəsidir.

Bu gün Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin prioritetlərindən birini təşkil edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, ictimai-siyasi, sosial-iqtisadi həyatın müxtəlif sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. Təbii ki, istənilən ölkədə, o cümlədən Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər qadınların daha azad və xoşbəxt olması, onların cəmiyyətin bütün sahələrində böyük uğurlar qazanması, bunun nəticəsində bəşəriyyətin yüksəlməsi üçündür.