YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin  enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə  gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini böyük əminliklə qeyd edirik.  Dövlət başçısı İlham Əliyev daim bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının açılışı mərasimində cənab İlham Əliyev diqqəti birgə əməkdaşlıq nəticəsində reallığa çevrilən layihələrə, xüsusilə Cənub Qaz Dəhlizinə yönəldərək bildirdi ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir: “Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.”

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IX toplantısından ötən dövr ərzində bu sahədə əldə olunan uğurlar, imzalanan sənədlər təhlil edildi və hədəflər, gələcək planlar açıqlandı. Bütün çıxışlarda hədəflərə nail olmaq üçün imkanların mövcudluğu əsaslı şəkildə diqqətə çatdırıldı.

Albaniyanın Baş naziri Edi Raman çıxışında bildirdi ki, səkkiz il əvvəl nazirlər səviyyəsində keçirilən iclasda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin  beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyduğunu bildirmişdir. Bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahələri də əhatə edəcək. Cənab İlham Əliyevin bu fikirləri artıq reallıqdır.  Həqiqətən də yeni Enerji İpək Yolu olan Cənub Qaz Dəhlizi sıx əməkdaşlıq baxımından bir körpü oldu və ölkələr, şirkətlər, maliyyə institutlarını elə bir formatda bir araya gətirdi ki, bu layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdı. Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini yaşıl enerji təşkil edir.

Bu gün Cənub Qaz Dəhlizi Avropanı daha da təhlükəsiz etdi. Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda, Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə enməsini və tezliklə sıfra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi birgə gələcəyimiz üçün mühüm rol oynayır. O da bildirildi ki, Albaniyaya gəldikdə, strateji baxımdan Trans-Adriatik boru kəmərinin marşrutu üzərində yerləşir və bu, Cənub Qaz Dəhlizi layihəsinin mühüm halqasıdır. Albaniya dəhlizin imkanlarından istifadə etmək niyyətindədir. Bunun üçün bərpaolunan enerji layihələrinə sərmayə qoymağı və dayanıqlı enerji infrastrukturu yaratmağı hədəfləyir.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson çıxışında bildirdi ki, 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Ötən il Azərbaycanın məhz Panavropa təchizatına çevrildiyini gördük. Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq.

O da qeyd edildi ki, Cənub Qaz Dəhlizi, həmçinin bərpa edilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi. Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi.

Günümüzün reallığı budur ki, bu tərəfdaşlıq bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir. Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir. Dövlət başçısı İlham Əliyev ölkəmizin bu sahədə mövcud potensialını rəqəmlər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Bu mühüm məqama da xüsusi diqqət yönəldildi ki, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər.  İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik.

Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində bir daha diqqəti bu məsələlərə yönəldərək bildirdi ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir: “Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.” Cənab İlham Əliyev “On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir” fikirləri ilə keçilən yolun aydın mənzərəsini təqdim etdi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi həm iqtisadi imkanlarını genişləndirir, həm də beynəlxalq aləmdə rolunu artırır. Azərbaycan təşəbbüsləri reallığa çevirən ölkə imicinə daim yeni əlavələr edir.