YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz nefti inkişafa çevirdik

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində  nazirlərin 10 -cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında  çıxışında söylədiyi “Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük” fikirləri bir daha bu reallığın təsdiqidir ki, Azərbaycanın hər bir hədəfə çatması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir. Bu inam ifadə olunur ki, Azərbaycan gələcəkdə də Cənub Qaz Dəhlizi kimi layihələri irəli sürəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq.  2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanı Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevirdi.

IX toplantıdan ötən dövr ərzində qazanılan uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Cənab İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaq. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq. Ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaq. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaq. Bununla yanaşı,  “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlar var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.

Beləliklə, bütün bu planlar tamamilə realdır. Onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və  potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir.

Gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir.

Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində  Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması  Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir. 2018-ci ildə Cənub Qaz Dəhlizi”nin  tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi mərasimində bu məqam da xüsusi qeyd edilmişdir ki, reallığa çevrilən bu layihələr, eyni zamanda, Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti təzahürləridir. Hər iki dövlətin siyasi iradəsinin və qətiyyətinin nəticəsi olaraq gerçəkləşən layihələr coğrafiyasını genişləndirməklə əməkdaşlığa yeni əlavələr edirlər. Bu layihələrin reallığa çevrilməsi  nəinki iştirakçı, digər dövlətlərin də davamlı inkişafına imkanlar yaradır.  Məhz keçilən  yola söykənərək cənab İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində bildirmişdir: “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.”

Amma bu məqamı da unutmayaq ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara uğur gətirməmişdir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alması diqqətdən kənarda qalmır. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. Neft gəlirlərinin təyinatı üzrə xərclənməsi, ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığından da aydın görünür. Ölkə Prezidentinin vurğuladığı kimi, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi: “Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycana nəfəs verən, canlanmasına xidmət göstərən  neft strategiyasının son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol  açır. Son dövrün əsas hədəflərindən olan enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir.

Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində “Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq” söyləyərək qeyd etdi ki, son 20 ildə  Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib. Bakıda bütün gördüklərimiz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır: “Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.”