YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəhəng potensial

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri   

Azərbaycanın uzun illərdir ki, apardığı iqtisadi və beynəlxalq siyasəti bu gün ölkəmizin güc ölkəsinə çevrildiyinin əsas göstəricisidir. Azərbaycana bəslənən ümidlər və beynəlxalq təşkilatların mötəbər tədbirlərinin paytaxtı Bakı hər zaman ekologiyaya verdiyi töhfələri ilə seçilib. Neft və qaz ixracına görə Avropanın altı ölkəsini enerji ilə təmin edən Azərbaycan, həmçinin Xəzər dənizinin çirklənməsinin qarşısının alınması istiqamətində regionda ekologiya və ətraf mühitin qorunmasını da diqqətdə saxlayır. 2030-cu ilədək ölkədə bərpa olunan və alternativ enerjidən əldə edilən elektrik enerjisinin istehsalı və istifadəsi, eləcə də yaşıl enerjinin satışı gələcək planlarımızın sırasındadır. 30 il sonra işğaldan azad olunan ərazilərimizdə yenidən qurulan şəhərlər müasir dövrün standartlarına uyğun şəkildə yaşıl enerji prinsipi ilə ekoloji təmiz və ağıllı texnologiyaları əsasında qurulmaqdadır. Bu qədər layihənin icra olunduğu ölkə, sözsüz ki, diqqəti üzərinə cəmləməyi bacardı və bu il BMT- nin İqlim Dəyişikliyi  Konfransı, yəni COP 29 Bakıda keçiriləcək. Bu mötəbər layihənin Azərbaycanda təşkil olunması üçün bir sıra səbəblər var. Çünki dünya arenasında Azərbaycan son 10 ildə ekoloji layihələrin keçirilməsi və dəstəyinə görə lider ölkələrdən hesab olunur. Bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasında çıxışı zamanı diqqəti bu mühüm məqama yönəldərək deyib: “Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir”. Xüsusən “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Azərbaycan Avropaya yaşıl enerji ötürən əsas ixracatçılardan birinə çevriləcək. Bu təşəbbüs region üçün xüsusi önəm daşıyır. Belə ki, 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur.

Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100  il ərzində bərpa olunan enerji resursları olmadan da yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib, hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirin Azərbaycanda təşkil edilməsi qərarı beynəlxalq birliyin ölkəmizə olan hörmətin əlamətidir. Azərbaycanın coğrafi mövqeyi burada istənilən növ bərpa olunan enerji stansiyalarının qurulmasına imkan verir. Ümumiyyətlə, Azərbaycanın bərpa olunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ildə qəbul edilən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təşkil edir.

Beləliklə, COP 29-a ev sahibliyi etmək üçün Azərbaycanın yetəri qədər potensialı və iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində çıxış yolları mövcuddur. Bu potensial isə ötən 10 il ərzində atılan düzgün siyasətin nəticəsidir.