YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikik

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi daxili tələbatını ödəməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına davamlı töhfələrində də özünün aydın ifadəsini tapır. Əməkdaşlığa regional çərçivədən başlayan Azərbaycan bu gün artıq çoxtərəfli əməkdaşlığın başlanğcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsinə nail olub. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasını bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirən cənab İlham Əliyev belə bir reallığı da böyük əminliklə qeyd edir ki, Azərbaycan hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları enerji sektorunda qazandığımız uğurların, onlara yol açan düşünülmüş və məqsədyönlü siyasətin təqdimatı oldu. Dünyanın diqqətini Azərbaycana yönəldən bu tədbir mühüm çağışları özündə ehtiva etdi. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. Tədbirdə müxtəlif ölkələrdən nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalandı. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.

Cənab İlham Əliyev bu toplantı çərçivəsində “Euronews” televiziyasına müsahibəsində tədbirin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarından, nailiyyətlərdən və gələcək addımlardan bəhs edərək bildirdi ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi: “Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.” Bu reallıq xüsusi vurğulandı ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

Son 10 ildə birgə əməkdaşlıq nəticəsində atılan addımlara və onların uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir. Təkçə ötən toplantıdan bugünədək ölkəmizin enerji sektorunda qazanılan uğurlara diqqət yetirməklə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu böyük əminliklə qeyd edə bilərik.

Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək.  “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olması gözlənilir.  İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcək ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Cənab İlham Əliyev uğurlarımızın təhlili əsasında böyük əminliklə qeyd etdi ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Çünki təkcə ötən ilin göstəriciləri bunun sübutudur.

Enerji təhlükəsizliyi məsələlərinin hər bir ökə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən bu tədbir qarşıda dayanan yeni vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi. Həmçinin ənənəvi keçirilən bu tədbir qlobal səviyyədə iqtisadi mənzərənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu reallığı xüsusi qeyd etməliyik ki, Azərbaycan 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkəmiz neft strategiyasının uğurlarını yaşayır. Neft gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsinin uğurla həyata keçirilməsinə yol açdı.

Artıq dünya bu reallığı təsdiqləyir ki, Azərbaycan beynəlxalq miqyasda baş verən iqisadi proseslərin mərkəzindədir. Hazırkı dövrün əsas çağırılarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Dövlət başçısı İlham Əliyev bərpaolunan enerji ilə bağlı planlarımızdan bəhs edərkən bildirdi ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var. “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır.

Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikdir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji mərkəzinə çevriləcək. Son bir ildə imzalanan sənədlər bərpaolunan enerji sahəsində mövcud imkanlarımızı dünyaya təqdim edir. Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.