YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ədalətin bərpası

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi Xocalı soyqırımının 32-ci ildönümü tamam oldu. Erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törətdiyi soyqırımı bizim acımız olmaqla yanaşı, eyni zamanda dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biri, bəşəriyyətin ləyaqət lövhəsinə həkk olunan qara ləkədir.

Bu müsibətin milli dərd kimi acısı böyükdür. Amma qisas qiyamətə qalmadı. Xocalıda qurban gedənləri geri qaytara bilməsək də, 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfər və 2023-cü ilin 19-20 sentyabrında Qarabağ məsələsinə qoyulan son nöqtə bizim üçün Xocalının da qisası oldu.

Otuz iki ildən sonra Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Prezidentimiz tərəfindən fevralın 26-da memorial kompleksin təməli qoyuldu. Prezident İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq.

Qanlı Xocalı soyqırımının heç vaxt xalqımızın yaddaşından silinməyəcəyini bildirən Prezident qeyd etdi ki, heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. Təəssüf ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir. Xocalısız isə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Və nəhayət, o tarixi an 2023-cü ildə yaşandı. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad edildi. Bizim “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın.

Ölkəmizdə ilk köçkün qəsəbəsinin Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salındığını diqqətə çatdıran Prezident İlham Əliyev Çadır şəhərciklərin sonuncusunun 2007-ci ildə ləğv edildiyini, indi isə köçkün anlayışının artıq tamamilə silindiyini bildirdi. Biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldırmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik. Bu gün artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra isə dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Xocalının tarixi adını dəyişdirməyə cəhdlər olmuşdur. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdi. Xalqımıza qarşı böyük və çirkin cinayət törədilmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. 30 il yox, 300 il keçsə də qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini yad edən ölkə başçısı fəxarətlə onların igidliyindən bəhs edərək qeyd etdi ki, bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Silahlı Qüvvələrimiz böyük peşəkarlıq və cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.