YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəmiyyətimizin aparıcı qüvvəsi…

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Tarixi Qələbəmizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror əməliyyatının nəticəsində bu reallıqlar artıq dünyaya tamamilə yeni keyfiyyətdə təqdim olundu. Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini birdəfəlik bərpa etdi və bu gerçəkliyi bundan sonra heç kim və heç nə dəyişə bilməz.

Əldə olunmuş tarixi nailiyyətlər və Prezident İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi uğurlu xarici siyasət regionda qlobal əhəmiyyət kəsb edən enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bütün bunlar Azərbaycanın tamamilə yeni bir inkişaf dövrünə qədəm qoymasını şərtləndirdi. Təbii ki, yeni dövr ölkənin aparıcı siyasi gücü olan YAP-ın da qarşısında yeni tələblər qoyur. Bu baxımdan Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Səbəb də budur ki, YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyası ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. YAP-ın VII qurultayı ilk növbədə müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, eləcə də yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyasının partiyanın orqanları qismində müəyyən edilməsi, Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunun təsbit edilməsi ilə partiyanın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratmış oldu. Həmin tarixi gündən sonra keçmiş üç il ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır.

Əlbəttə ki, YAP-ın VII qurultayının keçirilməsi Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu islahatlar siyasətinin davamıdır. Məhz bu qurultayda qəbul olunmuş tarixi qərarlar YAP-ın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.  

Məlum olduğu kimi, YAP-ın VII qurultayında partiyamızın Sədri İlham Əliyev yeni proqramın hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Qurultaydan sonra yaradılmış müvafiq işçi qrup tərəfindən proqram üzərində işlərə başlanılmış və növbəti aylar ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuşdur, Partiya Sədri İlham Əliyevin irad və tapşırıqları nəzərə alınmaqla təkmilləşdirilmişdir. Qeyd etmək lazımdır ki, partiyamızın 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş proqramın müəllifi də YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyev olub. Həmin proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olmuşdu. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edildi. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. Yeni proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanaraq, özündə artıq bu günümüzün tələblərinə uyğun yanaşma üsullarını ehtiva edərək siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edir.

Sonda bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, bu ilin fevral ayının 7-də keçirilmiş Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin möhtəşəm qələbəsi partiyamızın ümumxalq partiyası olduğunu bir daha bariz şəkildə təsdiqlədi.