YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Rusiya Fedarasiyasına məxsus, Xankəndində yerləşən 966-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsinin köməyi ilə Xocalı şəhərini işğal edərkən ermənilər tərəfindən şəhərin azərbaycanlı əhailisinə qarşı tarixdə misli-bərabəri olmayan insanlıq əleyhinə cinayət törədilmişdir. Bu dəhşətli hadisə Azərbaycan xalqının tarixinə qanlı həriflərlə yazılmış və xalqımız bu müdhiş hadisənin il dönümlərini ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisəsi olaraq ən yüksək səviyyədə qeyd edilir və dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən ardıcıl iş aparılırdı və bu gündə aparılmaqdadır. Azərbaycan xalqını narahat edən məsələlərdən biri də xalqımıza qarşı soyqırımı törədilmiş Xocalı şəhərinin Azərbaycanın digər 20% əraziləri ilə yanaşı erməni işğalçılarının işğalı altında qalması idi.

Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsini öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri məsələnin həllindən daha çox məsələnin sonsuza qədər uzadılmasında maraqlı idi. Onlar düşünmürdülər ki, Azərbaycan onların bu mövqeyi ilə razılaşmaq və mövcud vəziyyətlə barışmaq məcburiyyətindədirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən yüksək kürsülərdən məsələ ilə bağlı ən sərt və birmənalı fikirlər səsləndirilməsinə baxmayaraq məsələnin həllinə yanaşmada heç bir dəyişiklik edilmir, əksinə ermənilərə işğal altında olan ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasətinə şərait yaradılırdı. Proseslərin bu şəkildə davam etdiyini görən Prezident İlham Əliyev Qarabağ probleminin yeni həll variantını müəyyənləşdirdi və bu variantın hərbi-siyasi variant olduğunu açıq şəkildə bəyan etdi.

2020-ci ilin sentyabr ayının 27 -də başlanan və cəmi 44 gün davam edən II Qarabağ müharibəsi Prezident İlham Əliyevin müəyyənləşdirdi həll variantının problemin həlli üçün düzgün variant olduğunu təsdiq etmiş oldu. Şuşanın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi yalnız Ermənistan  üzərində qələbəni deyil, cənab Prezidentimizin söylədiyi kimi dünya erməniliyi üzərində qələbəmizi təmin etdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə Ermənistana konstruktiv mövqe sərgiləməyə, bundan sonra yerdə qalan məsələlərin danışıqlar yolu ilə həll edilməsinə şərait yaratdı. Lakin Ermənistan hökuməti və Qarabağda yaşayan ermənilər yenə də xarici havadarlarının dəstəyinə arxalanaraq konstruktiv mövqe sərgiləməkdən boyun qaçıraraq əvvəlki separatçılıq fəaliyyətlərini davam etdirdilər və nəticədə Azərbaycan 2023-cü ilin sentyabr ayının 19-da lokal antiterror əməliyyatı keçirməyə məcbur oldu. Cəmi 23 saat 45 dəqiqə davam edən lokal antirerror əməliyyatı nəticəsində qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etməli oldular. Bununla da Azərbaycan ərazisində illərdən bəri fəaliyyət göstərən separatizmə son qoyuldu və Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi.

2023-cü ilin oktyabr ayının 15-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev Ağdərədə, Xocavəndə, Əsgəranda, Xocalıda və ən nəhayəti separatizimin beşiyi olan Xankəndində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla qeyd olunan ərazilərdə Azərbaycanın dövlət suverenliyini bərpa etdiyini nümaiş etdirmiş oldu. Beləliklə illərdən bəri həsrətində olduğumuz doğma torpaqlarımız Azərbaycanın ayrılmaz hissəsinə çevrildi. Artıq dövlət səviyyəsində keçirilən bütün tədbirlər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ və Şərqi Zəngəzurda da qeyd edilir. Xalqımızın qan yaddaşına çevrilmiş Xocalı soyqırımının 32-ci ildönümünü  Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin iştrakı ilə məhz Xocalıda qeyd edilməsi ölkə başçımızın Xocalı qətliamına göstərdiyi həssas münasibətin göstəricisidir.

Prezident İlham Əliyev Xocalı soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimində bir qrup Xocalı ictimayəti nümayəndələri ilə görüşü zamanı ermənilər tərəfindən Azərbaycana qarşı aparılmış işğalçılıq siyasəti, cərəyan edən proseslər dünyanın güc mərkəzlərinin ikili standartlarından tutmuş bütün sahələri əhatə edən geniş nitq söylədi və bildirdi ki, “Bu gün təməli qoyulan Xocalı Soyqırımı Kompleksinin layihəsi uzun illərdən bəri hazır idi. O qeyd etdi ki, bu layihə əsasında Xocalı Soyqırımı Memorial Kompleksi Bakı şəhərində inşa edilməli idi. Hər dəfə inşa edilmək üçün layihənin təsdiq edilməsi məqsədilə layihəni mənə təqdim edərkən, mən onun təsdiqini təxirə salırdım və əmin idim ki, Xocalı işğaldan azad ediləcək, Xocalı Soyqırımı Memorial Kompleksi məhz Xocalıda, soyqırımın törədildiyi yerdə inşa ediləcək”. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma tədbiri zamanı bildirdi ki, “44 günlük Vətən müharibəsindən sonra respublika ictimayəti, o cümlədən xocalılar Xocalının taleyinin necə olacağı ilə bağlı nigaran idilər. Bu məlumatlar mənə də gəlib çatırdı. Ancaq Xocalısız bizim başladığımız iş yarımçıq qalmış olardı və Xocalının azad edilməsi üçün müəyyən zamana ehtiyac var idi”.

Qətiyyətli, proqmatik və müdrik liderimiz özünün qeyd etdiyi kimi nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı bildiyi üçün münasib şəraitin hasil olmasını gözləyirdi və məqamı yetişəndə də gərəkən qərarı qəbul etdi. Xocalı da daxil olmaqla digər ərazilər Azərbaycanın suverenliyinə qaytarıldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Xocalı soyqırımının qisasının alınmasında göstərdiyi şücayətə, çəkdiyi gərgin zəhmətə, dünya güclərinin dəf edilməsindəki fədakarlığı, yaratmış olduğu qüdrətli orduya görə cənab Prezidentimizə nə qədər təşəkkür etsək, minnətdar olsaq belə azdır. Cənab Prezidentimiz itirilmiş torpaqlarımızı qaytarmaqla yalnız ərazi bütövlüyümüzü təmin etmədi. Yüz illərdən bəri xalqımız üzərində olan məğlubiyyət sindiromunu aradan qaldırdı, məğlum xalqı qalib xalq səviyyəsinə ucaltdı, xalqımızın zədələnmiş mənliyini yenidən bərpa etdi, faciə qurbanlarının, müqəddəs şəhidlərimizin qisasını yağı düşməndən aldı.