YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın yaddaşından silinməyəcək soyqırım

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Bu il ilk dəfə  Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Otuz iki ildən sonra doğma torpağımıza qayıtdıq. Məhz anım günü Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyuldu. Fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Xocalıya qayıdacağımıza xalqımız inanırdı. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə  Prezident İlham Əliyev bildirdi ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur.

Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.

Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Lakin bu baş vermədi. Ədaləti ancaq Azərbaycan özü bərpa etməli oldu və bunu etdi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi, digər qalan ərazilər isə beş ay bundan əvvəl azad edilmişdir. Ölkə başçısı vurğuladı ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla  bütün ərazilər azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırdı.

Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev qeyd etdi ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Ölkəmizin ədaləti döyüş meydanında təmin etməyi beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Azərbaycan tarixi ədaləti bərpa etdi. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı, onların qanı yerdə qalmadı.