YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərtlərimiz qəbul edilməlidir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Prezident İlham Əliyev fevralın 26-da Xocalı soyqırımı günündə Xocalı rayonuna səfər etdi,  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onlarla birgə bu torpaqda, həmçinin Xankəndi şəhərində görülən işlərlə tanış oldu. İlk dəfə olaraq Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Otuz iki ildən sonra  doğma torpağa qayıtmaq böyük xoşbəxtlik, qürurdur. Dövlət başçısı İlham Əliyev keçirdiyi hissləri xalqımızla bölüşməyə daha çox önəm verir.  Bununla, eyni zamanda, xalq-Prezident birliyinin, hənrəyliyinin sarsılmazlığını nümayiş etdirir. 

Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün 26 fevral tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli qoyuldu. Cənab İlham Əliyev bu mühüm addımı belə əsaslandırdı ki, bu layihə çoxdan hazır idi.  Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il  müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım: “Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.”

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı  heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan  bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi.  613 insan vəhşicəsinə qətlə yetirildi, 150 insan itkin düşdü. 1000-dən çox insan girov götürüldü.

Azərbaycan “Xocalıya ədalət!” çağırışına cavab gözlədi. Bu qanlı faciənin soyqırımı kimi tanıdılması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı təəssüf hissi ilə vurğuladı ki,  “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə  səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır. Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar,  ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir. Bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir: “Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.”

Ölkə Prezidenti bildirdi ki, İkinci Qarabağ müharibəsi ədalətin təntəsi idi. Azərbaycan dövləti  onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Amma gördük ki, ədaləti özümüz bərpa etməliyik və bunu etdik.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur və onların tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsi ilə dünyada etimadsızlıq mühitini bərpa etmək olar. Əfsuslar olsun ki, əksər dünya gücləri bu gün də Ermənistana dəstəklərini davam etdirərək regionda gərginlik yaratmağa səy göstərirlər. Tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhü təmin etmək üçün Ermənistana sülh təklifini etsə də hələ də  qarşı tərəf konkret addım atmaq barədə düşünmür. Havadarlarının cızdığı ssenariləri icra etməklə onların əlində oyuncaq olduğunu nümayiş etdirir. Sülh müqaviləsinin imzalanması hər halda Ermənistana daha çox gərəkdir. Bu mühüm addım kommunikasiyaların açılmasını, yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək  ki, bu da öz növbəsində Ermənistana iqtisadi durumunu yaxşılaşdırmaq imkanı qazandıracaq. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Ermənistana mesajları ilə diqqətdə olur. Ölkə Prezidenti Xocalıdan bu çağırışı etdi: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.”