YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

“Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” Prezident İlham Əliyev 26 fevral Xocalı soyqırımı günündə bu şəhərdə Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha Ordumuzun qüdrətindən, gücündən bəhs edərək bildirdi ki,  Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərdi:  “Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.”

Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur.  Bütün digər ərazilərdə də quruculuq işləri aparılır. Dövlət başçısı İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə burada aparılan bərpa-quruculuq işləri ilə tanış oldular.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsində, eyni zamanda, lokal antiterror tədbirlərində bir daha malik olduqları imkanları dünyaya təqdim etdi. Ərazi bütövlüyümüz, suverenliyimiz və tarixi ədalət bərpa olundu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bunun üçün 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaratdı.

Azərbaycan bu illər ərzində hər bir sahədə gücləndi, qüdrətləndi. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində biri-birindən mühüm addımların atılmasını şərtləndirdi. Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək bacarığını nümayiş etdirdi. 30 ildə dünya güclərinin edə bilmədiklərini edərək BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail olduq. 44 gündə 30 ilin işğalına son qoyuldu. Azərbaycanın milli qüruru, kimliyi özünə qayıtdı. Bu gün Xocalı yaramız sağalmasa da bu torpaqda olmağımız, onun dirçəlməsindən, yeni nəfəs verilməsindən bəhs etməyimiz hər birimizi qürurlandırır. Həmçinin dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri, Şuşadan, Xankəndidən, Xocalıdan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırması böyük qürur, xoşbəxtlikdir. Artıq bu torpaqladayıq və burada əbədi olacağıq. Cənab İlham Əliyev sözügedən görüşdə böyük qürur hissi ilə “Biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır” söyləyərək bu reallığı da bildirdi ki, o böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində torpağımız işğal altına düşməzdi: “Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?”

Azərbaycan bu gün qalib ölkə olaraq diktə edən tərəfdir. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar regionda, həmçinin dünya siyasətində yeniliklərə yol açdı. Suverenlyimizin bərpası ilə yeni dövrə qədəm qoyduq. Cənab İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən ordu quruculuğu istiqamətində addımların davamlı olacağını xüsusi qeyd etdi. Azərbaycan Silahlı Qüvvələri hər bir tapşırığın öhdəsindən layiqincə gəlmək gücündə, imkanlarındadır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalıdan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajını çatdırdı: “Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.”