YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 31 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, partiyanın yarandığı gündən Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya ardıcıl və məqsədyönlü şəkildə bu hədəflərə çatıb.

Bəxtiyar Mustafayev qeyd edib ki, hazırda 50 ərazi partiya təşkilatı 7818 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Yeni Azərbaycan Partiyasının yarandığı gündən zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynadığını deyib. O qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Vurğulanıb ki, Partiyanın Sədri, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırıb.

5 saylı ərazi partiya təşkilatının sədri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin direktoru Aidə İsmayılova çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir, partiyanın nüfuzu gündən-günə artır.             

Sonda şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.