YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi ədalətin tam bərpası

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev 26 fevral tarixində Xocalı şəhərində soyqırımın 32-ci il dönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri ilə birgə soyqırım qurbanlarının xatirəsini yad etdi. 32 ildən sonra ilk dəfədir ki, Xocalı soyqırımı günü məhz Xocalıda qeyd olunur. Bununla bağlı Prezident İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır.”

Biz ümidlə bu günü 32 il gözlədik. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edildi. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir. 32 ildən sonra cənab Prezidentin iştirakı ilə xocalıların Xocalıda bu qanlı soyqırımı anması, onların əziz xatirəsinə həsr edilən Memorial Kompleksin bünövrəsinin qoyulması olduqca önəmli bir tarixi an oldu.

Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.”

Bu gün Azərbaycan xalqı həyatının ən gözəl günlərini yaşayır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır, şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2-ci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında aldı.