YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrdə yeni vəzifələr

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Adı tariximizin qızıl səhifəsinə qalib xalqın qalib lideri kimi yazılan Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə baş tutan andiçmə mərasimindəki nitqi mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimindəki nitqində səsləndirdiyi hər bir çağırış, ifadə etdiyi fikirlər və verdiyi mesajlar ölkəmizin parlaq gələcəyini təmin edən tələblərin yüksək səviyyədə yerinə yetirilməsindən xəbər verirdi. Dövlətimizin başçısı dərin məzmunlu çıxışında qarşıda duran hədəflərdən, nəhəng iqtisadi layihələrdən, ordumuzun daha da gücləndirilməsi istiqamətində atılacaq addımlardan danışdı, şanlı zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı. 

Prezident İlham Əliyevin çıxışındakı bəzi məqamları xüsusilə qeyd etmək lazımdır. Cənab Prezident yeni dövrü xarakterizə edərkən bildirdi ki, biz bu mərhələyə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Hazırda hər birimizdə belə bir əminlik var ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr uğurla yerinə yetiriləcək.

Prezident İlham Əliyev çıxışında təkmil islahatları, dövrün çağırışlarını özündə ehtiva edən siyasəti nəticəsində  qazanılan və  sadalamaqla bitməyən uğurlarımızdan,  yeni yaradılan reallıqlar əsasında regionda və dünyada baş verən proseslərdən, ölkəmizin tarixi Zəfərimizdən sonra bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifindən, iqtisadi və siyasi müstəqilliyimizin daha da  möhkəmlənməsindən, sözümüzün imzamız qədər dəyərli olmasından geniş bəhs edərək diqqəti yeni hədəflərə yönəldib: “Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri  Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və ötən il  cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Hazırda  Ordumuzun gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır. Silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir”.

Dövlət başçımızın sözlərinə görə, qarşıdakı dövrdə də Azərbaycan Respublikasının bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi və müdafiəsini daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Cənab İlham Əliyev onu da vurğuladı ki, növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Doğrudur, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra sürətlə bərpa işlərinin aparılması tarixdə görünməmiş bir hadisədir. Amma tarixi torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması son dərəcə vacib məqamdır. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir.

Dayanıqlı iqtisadi artıma nail olmaq və onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlət başçımızın iqtisadi uğurlarımız barədə vurğuladığı fikirlər cəmiyyətin parlaq gələcəyinə nikbin baxmaq üçün möhkəm fundament yaradır: “Bu ilin yanvar ayının nəticələri ümidvericidir: Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı cəmi 9 manat idisə, indi bu rəqəm 345 manat təşkil edir. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və bu proses davam edəcək”.

Bu fakt inkaredilməzdir ki, cənab İlham Əliyev 2003-cü ildən bu hədəfi qarşıya qoyub: İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi dövlətimizin siyasətinin əsas amilləridir. Bütün bunların fonunda heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.

Bəli, bu fikirlər Qalib Liderin öz xalqının parlaq gələcəyi üçün düşündükləri, gələcək fəaliyyət proqramıdır. Bir sözlə, Prezident İlham Əliyevin inaqurasiya mərasimindəki çıxışı proqram xarakterli idi və qarşıdakı dövrdə yeni hədəflərə dair konkret istiqamətləri özündə ehtiva edirdi. Bu dövr hər kəsin rifahına, tərəqqiyə və yüksəlişə xidmət edir.