YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri   

Fevralın yeddisində keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanması ilə Azərbaycan yeni dövrə qədəm qoydu.  Bütöv Azərbaycan ərazisində baş tutan prezident seçkiləri Azərbaycanın tarixinə növbəti şanlı səhifə olaraq yazıldı. Seçicilərin 92 faizi cənab İlham Əliyevə öz etimadını göstərdi. Dahi xalq öz dahi sərkərdəsinə səs verdi və beləliklə, bütün dünyaya Azərbaycan xalqının birliyini nümayiş etdirdi.

Azərbaycan tarixində müstəqilliyimiz bərpa edildikdən sonra ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirilən bu seçkilər doğrudan da bayram əhval ruhiyyəsi ilə vətəndaşlarımızın-seçicilərimizin seçki məntəqələrinə gəlməsi ilə yadda qaldı. Nəyə görə insanlar bu qədər həmrəylik nümayiş etdirdi? Əslində, bu cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının  seçkilərdə vahid namizədi olaraq 20 il ərzində həyata keçirdiyi  tədbirlərin nəticəsi idi. 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində ölkə başçısının çıxışı hər birimizin xatirindədir. Prezident İlham Əliyev  2003-cü il oktyabrın 15-də Qarabağın geri qaytarılacağına, Azərbaycanın suveren hüquqlarını tam və bütöv bərpa olunacağına söz vermişdi. Verdiyi sözlərin hamısını reallıqda həyata keçirdi. İşğal dövründə xarici dövlətlərin belə dəstəklədiyi erməni xuntasının, havadarlarının bütün arzuları, istəkləri ürəklərində qaldı. Verdiyi sözün ağası olaraq, İlham Əliyevin adı tariximizin yeni səhifələrinə qızıl hərflərlə həkk olundu.

Bəli, biz təkcə Prezident İlham Əliyevin  20 illik fəaliyyətini Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə məhdudlaşdırmırıq. Eyni zamanda, Vətən müharibəsinə aparan zəfər yolunda Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətini də  vurğulamalıyıq. 44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.

20 illik bir dövr ərzində Prezident İlham Əliyev onu da sübut etdi ki, tarix şəxsiyyətlər yetişdirmir, eyni zamanda, şəxsiyyətlər, müdrik liderlər tarixi özü yazır. Prezident İlham Əliyev bu tarixi yazdı, Azərbaycanın ən böyük problemi olan torpaqlarımızı işğaldan azad etdi, suverenliyimiz təmin olundu.

2003-cü  ildə Prezident İlham Əliyev  qeyd edirdi ki, biz güclü və qüdrətli Azərbaycan quracağıq. 2023-cü  ilin sonlarında biz gördük ki, güclü və qüdrətli Azərbaycan artıq formalaşıb. İndi hədəf nədir? Daha müasir, daha güclü və daha qüdrətli bir ölkə qurmaq. Azərbaycan Prezidentinin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. Qlobal proseslərin fəal iştirakçılarından biri kimi Azərbaycan beynəlxalq aləmdə əsas söz sahibinə çevrilir. Ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici, eləcə də yaratdığı faydalar respublikamızla əlaqələrin daha da sıxlaşmasına marağı artırır. Ona görə də beynəlxalq tərəfdaşlar, xarici ölkələrin dövlət rəhbərləri əmindirlər ki, Prezident İlham Əliyevə istənilən məsələdə inanıb güvənmək, Azərbaycanla əməkdaşlıqdan yalnız böyük qarşılıqlı faydalar götürmək olar.

Hədəflər çox böyükdür. Azərbaycan xalqı fevral ayının yeddisində  bir daha nümayiş etdirdi ki, Azərbaycan Prezidentinə, Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevə  inamı, etimadı sonsuzdur. Yeni  hədəflərə isə yalnız cənab İlham Əliyevin liderliyi ilə nail olmaq mümkündür.