YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhə bölgəsindəki hərbi hissələrin döyüş hazırlığını yoxlayan müdafiə naziri zabit heyətləri ilə toplantılar keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə dair toplantılar keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Cəbhə bölgəsində yerləşən hərbi hissə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantılarda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı müdafiə nazirinə məruzələr edilib.

Sonda müdafiə naziri real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi, o cümlədən bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri başa çatıb.